Çin avtomobil bazarında liderliyi ələ keçirib | Banco.az

Çin avtomobil bazarında liderliyi ələ keçirib

Çinin Avtomobil İstehsalçıları Assosiasiyasının (ÇAİA) məlumatına görə, 2013-cü ildə ölkədə avtomobillərin topdan satışı 14% (21,98 milyon maşın) artmışdır. Nəticə etibarilə, Çin 20 milyondan çox maşının olduğu avtomobil bazarının tutumununa görə dünya ölkələri sırasında lider mövqeyi qazanmışdır. ÇAİA-nın məlumatına əsasən, 2013-cü ildə Çində yük avtomobilləri və avtobuslar istisna olmaqla, avtomobillərin satışı 16%-dək (17,93 milyon maşın) yüksəlmişdi.

Böyük ehtimalla Çin bazarı bir çox xarici istehsalçıları itkilərlə üzləşmək problemindən xilas etdi. Keçən il bu ölkədə dünyanın bütün aparıcı avtokonsernləri rekord həddə satışlar həyata keçirməyə müvəffəq oldular. ÇAİA-nın hesablamalarına görə, 2014-cü ildə ölkədə avtomobil satışı 23,85-24,29 milyonadək yüksələcək.

Çində avtomobil nəqliyyatının sürətli inkişafı ətraf mühitə mənfi təsir etməklə yanaşı, yollarda tıxacların meydana gəlməsinə səbəb olur. Ekspertlər Çin rəhbərliyinə bu tipli problemlərin uzunmüddətli həllinin təşkili üçün bütün qüvvəsini səfərbər etməyi məsləhət görür. Bununla yanaşı, dünyanın iri şəhərlərində avtomobildən istifadəyə məhdudiyyətlər qoyulur və sürücülük lisenziyası üçün normalar müəyyən edilir.

Ən sərfəli kredit üçün müraciət et

Çin karbon tərkibli tullantıların həcminə görə dünya ölkələri sırasında 1-ci yeri tutur. Onun ərazisində yerləşən şəhərlər dünyanın "ən çirkli" şəhərləri hesab olunur. Atmosferdəki çirkləndirici maddələrin həcmi isə beynəlxalq normaları 10 dəfəyə qədər üstələyir. Son aylar Çinin bəzi şəhərlərində havanın həddindən artıq çirklənməsi səbəbindən uşaqların və yaşlı vətəndaşların açıq havaya çıxması məsləhət görülmür.

Banco.az / Sevinc İbadova