Cari ildə smartfon bazarında nələr baş verdi? | Banco.az

Cari ildə smartfon bazarında nələr baş verdi?

5G-ni dəstəkləyən telefonların satışa çıxarılmasına baxmayaraq, smartfon bazarında azalma müşahidə olunub. Əslində, qlobal smartfon bazarının tənəzzülü 2019-cu ildən başlayıb. Analitiklər bu il 5G-nin tətbiqi ilə vəziyyətin sabitləşəcəyinə inansalar da, nəticə əksinə olub.

Bəs 2020-ci ildə smartfon bazarına hansı amillər təsir edib?

Gartner-in məlumatlarına görə, bu ilin üçüncü rübündə qlobal telefon bazarında smartfonların payı ötən ilin eyni dövrü ilə müqayisədə 5.7% azalıb. İnnovasiya texnologiyaların geniş tətbiqinə baxmayaraq, beynəlxalq smartfon bazarında il ərzində azalma qeydə alınıb. Bütün müasir flaqmanların dəstəklədiyi yeni rabitə standartı alıcıları cəlb etməli olsa da, bu baş verməyib. Sahə mütəxəssisləri mənfi tendensiyanın bir neçə faktordan qaynaqlandığını bildirirlər. Əsas səbəblərdən biri yeni funksiyaların tətbiqi və cihazların keyfiyyətinin yaxşılaşdırılmasına görə, 1000 dollardan baha başa gələn flaqman smartfonlarında qiymət artımıdır.

"Qiymət artımı smartfon satışlarını azaltdı"

Əvvəl istehlakçı orta hesabla iki ildən bir smartfon dəyişirdisə, indi bu hal daha bir neçə ilə qədər uzanıb. Gartner-in baş tədqiqat direktoru Anshul Gupta hesabatda qeyd edib ki, istehlakçılar karantin tədbirlərinin yumşaldılmasına baxmayaraq, xərclərini hələ də məhdudlaşdırırlar: "Qlobal smartfon bazarında satışlar iki və üçüncü rüblərdə orta səviyyədə artım göstərib. Buna səbəb isə telefonlara əvvəlki rüblərdə təxirə salınmış tələb olub".

Ümumiyyətlə, smartfon bazarında vəziyyətin kəskinləşməsində koronavirus pandemiyası rol oynayıb. Virusdan qorunmaq üçün insanların əksəriyyəti ya evdə qalıb, ya da məsafədən iş rejiminə keçib. Bu faktor isə onların yeni smartfona deyil, kompüterə pul xərcləmələrinə gətirib çıxarıb. Qlobal iqtisadiyyata mənfi təsir göstərən COVID-19 bəzi insanların iş yerini itirməsinə də səbəb olub. İşsizlərin sayının artması isə mobil telefonlara tələbatı azaldıb.

Mobile Research Group-un aparıcı analitikləri 2020-ci ildə smartfon bazarının vəziyyətini bir neçə aspektdən şərh edirlər.

Birincisi, komponent çatışmazlığı müşahidə olunub. Bu çatışmazlığa görə, istehsalçılar bazarın tələb etdiyi dərəcədə smartfon tədarük edə bilməyiblər. İkincisi, hazırda dünya bazarı iqtisadi cəhətdən qeyri-sabitdir. Onların sözlərinə görə, 5G dəstəkli modellər satışa çıxarılsa da, yeni şəbəkə hələ tam inkişaf etməyib. Bu baxımdan 5G telefon satışlarına təsir edə bilməz. Hətta yaxın gələcəkdə də bazarda sabitləşmə gözlənilmir.

Mövcud vəziyyətdə, qlobal qeyri-sabitlik və iş itkisinə əsaslanan analitiklər  smartfon bazarının 2022-2023-cü illərdən tez yaxşılaşacağına ümid etmirlər.

Gartner araşdırmasına nəzər salsaq, bu ilin üçüncü rübündə Apple ən çox satılan smartfon reytinqində ilk üçlükdən çıxıb. Ümumilikdə ən çox satılan smartfonlar arasında ilk yeri bazarın 22%-nə sahib olan Samsung tutub. İkinci yer 14,1% göstərici ilə Huawei-yə məxsus olub. İlk üçlüyü 12.1% bazar payı ilə Xiaomi tamamlayıb.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram