BVF sədri xəbərdarlıq edib - tənəzzül riski atır | Banco.az

BVF sədri xəbərdarlıq edib - tənəzzül riski atır

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva gələn il üçün qlobal iqtisadi artım proqnozunun aşağı salınacağını vurğulayaraq tənəzzül riskinin artdığını, dünya iqtisadiyyatının təxminən üçdə birini təşkil edən ölkələrin bu il və ya gələn il ardıcıl olaraq ən azı iki rüb daralma ilə üzləşəcəyinin proqnozlaşdırıldığını bəyan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Corctaun Universitetində BVF-Dünya Bankının İllik Yığıncağı öncəsi çıxışında Georgieva qlobal iqtisadi mənzərəni və siyasət prioritetlərini qiymətləndirib.

Qlobal iqtisadiyyatda köklü dəyişiklik olduğuna diqqət çəkən Georgieva beynəlxalq iqtisadi əməkdaşlıq, aşağı faiz dərəcələri və aşağı inflyasiyanın olduğu nisbi proqnozlaşdırıla bilən dünyadan qeyri-müəyyənliyin artdığı, yüksək iqtisadi dəyişkənlik, geosiyasi münaqişələr və daha tez-tez və dağıdıcı iqlim fəlakətləri ilə üzləşən daha həssas dünyaya keçid edildiyini bildirib.

Yüksək enerji və ərzaq qiymətləri, daha sərt maliyyə şərtləri və davam edən tədarük çatışmazlığının iqtisadi artımı cilovladığını bildirən Georgieva dünyanın ən böyük iqtisadiyyatlarında belə ləngimə olduğunu qeyd edib.

Bu il üçün 3,2 faiz, 2023-cü il üçün isə 2,9 faiz olmaqla iqtisadi artım proqnozlarını üç dəfə azaltdıqlarını dilə gətirən sədr, "Gələn həftə yenilənəcək Qlobal İqtisadi Görünüş hesabatında görəcəyiniz kimi, biz gələn il üçün artım proqnozlarımızı aşağı salacağıq", deyə əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram