Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığına diqqət çəkərək, neft bazarında qoruyucu buferlərin tədricən tükəndiyi barədə xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, bu barədə BVF-nin rəsmi internet səhifəsində dərc olunan "Neft Bazarı Müharibə Şokunu Udub, Amma Buferlər Tükənir" adlı blog yazısında qeyd olunub.
Məqalədə bildirilir ki, Hörmüz boğazında mümkün tıxanma gündə təxminən 20 milyon barel xam neft və neft məhsullarının daşınmasına mane ola bilər. Bu həcm 1973-cü il neft böhranı və Körfəz müharibəsi dövründə müşahidə olunan təchizat itkilərini də üstələyir.
Qeyd olunur ki, region ölkələri neft daşımalarını boru kəmərləri və alternativ limanlar vasitəsilə yönləndirməyə çalışsalar da, bu marşrutlar Hörmüz boğazı üzərindən daşınan həcmin yalnız kiçik hissəsini əvəz edə bilir.
BVF-nin qiymətləndirməsinə görə, hazırda neftin bir barelinin 90-100 ABŞ dolları səviyyəsində olması bazara müəyyən sabitlik versə də, qlobal iqtisadiyyata daha böyük zərərin qarşısını almaq üçün təchizatın sürətlə bərpası və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi vacibdir.
Məqalədə vurğulanır ki, son dövrdə qlobal tələbin zəifləməsi, istehsalın artması və strateji ehtiyatlardan istifadə qiymətlərin daha kəskin yüksəlməsinin qarşısını alıb. Bununla belə, dünyanın ən mühüm neft tranzit marşrutlarından biri olan Hörmüz boğazında naviqasiya azadlığının nə vaxt tam bərpa olunacağı, həmçinin gəmiçilik, sığorta xidmətləri və bazar etibarının nə qədər tez normallaşacağı hələ də qeyri-müəyyən olaraq qalır.
BVF sənaye hesablamalarına istinadən bildirir ki, su yolu tam açıldıqdan sonra belə, neft axınının əhəmiyyətli hissəsinin əvvəlki səviyyəyə qayıtması 2-3 ay çəkə bilər. Bundan əlavə, uzunmüddətli istehsal fasilələrinin, xüsusilə də maliyyələşdirmənin məhdud olduğu yataqlarda daimi hasilat itkilərinə səbəb ola biləcəyi vurğulanır.
Məqalədə qeyd olunur ki, əvvəlki enerji böhranlarının təsirləri hələ də tam aradan qalxmayıb. BVF hesab edir ki, son hadisələr zamanı bazar ehtiyat istehsal gücü, tələbin zəifləməsi və mövcud ehtiyatlar hesabına zərbəni müəyyən qədər yumşalda bilib. Lakin bu imkanlar getdikcə azalır.
"Əgər ehtiyatlar yenidən formalaşdırılmasa, dünya növbəti enerji şoku ilə üzləşdikdə daha zəif vəziyyətdə olacaq", – deyə blog yazısında bildirilir.
