Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF Fed-in kommunikasiya strategiyası tədqiqatının nəticələrini gözləyir.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Culi Kozak bildirib ki, qurum ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcəyə yönəlik şifahi istiqamətləndirmə də daxil olmaqla pul siyasəti üzrə kommunikasiya alətlərinə yenidən baxılması prosesi ilə bağlı FED nümayəndələri ilə görüş keçirməyi gözləyir.
BVF-in sözçüsü Culi Kozak keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatda baş verən son prosesləri dəyərləndirib.
O bildirib ki, qlobal iqtisadiyyat ümumilikdə dayanıqlığını qoruyur, lakin Yaxın Şərqdəki müharibənin yaratdığı təsirlər də daxil olmaqla müxtəlif sarsıntılarla üzləşir.
Son illərdə qeyri-müəyyənliyin qlobal iqtisadiyyata təsirinə diqqət çəkən Kozak vurğulayıb ki, iqtisadiyyat yüksək qeyri-müəyyənlik şəraitinə baxmayaraq dayanıqlığını saxlayır. Bununla belə, o əlavə edib: “Qeyri-müəyyənlik səviyyəsinin yüksək olaraq qalacağını proqnozlaşdırırıq”.
Kozak qlobal iqtisadiyyatın müxtəlif sarsıntılara baxmayaraq dayanıqlığını qorumasını şərh edərək deyib: “Bir tərəfdən müharibənin yaratdığı, xüsusilə enerji, gübrə və ərzaq kimi əmtəələrin qiymətlərini yüksəldən mənfi təklif şoku var. Digər tərəfdən isə texnologiya dövrü və xüsusilə süni intellekt yönümlü investisiyalardan qaynaqlanan, tələbatı və məhsuldarlığı artıran müsbət şok mövcuddur. Başqa sözlə, qlobal iqtisadiyyata fərqli istiqamətlərdə təsir göstərən iki əks qüvvə var və onların ümumi təsiri dayanıqlı qlobal iqtisadi mənzərə formalaşdırır.”
Bizi sosial şəbəkələrdən izləyin!!
