Müəllif: Tamara Mustafayeva, Banco.az
Argentina prezidenti Xavyer Miley Beynəlxalq Valyuta Fondu (BVF) ilə 20 milyard dollarlıq razılaşma əldə edib.
Banco.az xəbər verir ki, Argentina Prezident Xavyer Mileyin ölkədə valyuta nəzarətini yumşaltmaq üçün atdığı genişmiqyaslı addımlardan sonra Beynəlxalq Valyuta Fondu (BVF) ilə 20 milyard dollarlıq razılaşma əldə edib.
Cümə günü gec saatlarda açıqlanan bu razılaşmaya əsasən, Argentina bu məbləğin 12 milyard dollarını əvvəlcədən alacaq. Argentina Mərkəzi Bankı ölkə valyutasının (pezo) ABŞ dolları qarşısında 1.000 ilə 1.400 pezo arasında sərbəst şəkildə alınıb-satılmasına icazə verəcək və bu aralıq hər ay hər iki tərəfdən 1 faiz genişlənəcək.
Razılaşmanı dəyərləndirən Prezident Miley bildirib: “Bu dəfə vəziyyət həqiqətən fərqlidir. Tarixdə ilk dəfə olaraq Fond xaosdan sabitliyə keçidi maliyyələşdirmək üçün deyil, artıq nəticə verməyə başlayan iqtisadi proqramı dəstəkləmək üçün bir proqramı təsdiq edir.”
Bu, Argentinanın BVF ilə 23-cü razılaşmasıdır. BVF rəhbəri Kristalina Georgiyeva Miley hökumətini xroniki büdcə kəsirini aradan qaldırdığı üçün tərifləyib və ABŞ ilə Çin arasında ticarət münaqişəsinə toxunmadan bildirib ki, son həftələrdə qlobal bazarlarda baş verən dalğalanmalar səbəbilə proqram ehtiyat planlar da nəzərdə tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!