Hesablama Palatasının fəaliyyəti nəticəsində təxminən 100 mln. manat vəsaitin bərpası və digər tədbirlərin görülməsi təmin edilib.
Bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
“İndi isə audit təsiri və ya auditlərlə yaratdığımız əlavə dəyər barədə 2024-cü ilin iş planı üzrə dövlət vəsaitinin bərpası ilə bağlı 84,4 mln. manata qarşı (1,0 mln. manatı NMR üzrə İdarə) 59,4 mln. manat (1,0 mln. manatı NMR üzrə İdarə), digər tədbirlər üzrə 53,2 mln. manata qarşı 21,2 mln. manat icra edilib. Aparılan təhlillər bərpası müəyyən edilmiş pul vəsaitlərinin yarıdan çoxunun büdcə vəsaitlərinin idarə edilməsi və dövlət satınalmalarından formalaşdığını göstərib. Digər tədbirlərə debitor və kreditor borcların bağlanılması, müqavilə məbləğinin azaldılması, yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi və s. tədbirləri daxil edib. Əvvəlki illərin iş planları üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 8,6 mln. manat bərpa edilib. Bundan əlavə, 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 mln. manat əhəmiyyətli təhriflərin 400,0 mln. manatdan çoxu üzrə müvafiq düzəlişlər edilib. Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 mln. manatın bərpası və digər tədbirlərin görülməsi təmin edilib”, - deyə qeyd edib.
apa