Tamara Mustafayeva, Banco.az
Texnologiyanın təkmilləşməsi sayəsində smartfon bazarı da böyük irəliləyişə imza atır. Bazara çıxarılan hər yeni modellə birlikdə fərqli bir funksiya ortaya çıxır. Dünya nəhəngi olan markalar da bu yeniliyin nəbzini tutmağa çalışırlar. Ancaq təəssüf ki, bəzi markalar buna müvəffəq ola bilmir və nəticədə bazardan çəkilməli olurlar.
Məlum olduğu kimi, sözügedən uğursuzluğa düçar olmuş ilk marka Nokia-dır. Bir vaxtlar mobil telefon bazarında demək olar ki, rəqibsiz hesab edilən şirkət hazırda əvvəlki məşhurluğunu itirib.
Bu yaxınlarda isə LG firmasını da oxşar aqibətin gözlədiyinə dair iddialar yaranmağa başlayıb. Uzun illərdir ki, bazarda mövcud olan LG son dövrlərdə istehsal etdiyi məhsulların kifayət qədər uğurlu olmaması səbəbindən bazarı tərk etməli ola bilər. Şirkətin CEO-su Kwon Bong-seok tərəfindən əməkdaşlarına LG-nin smartfon planlarında ciddi dəyişiklik ediləcəyinə dair ismarıc göndərilməsindən sonra bu iddialar gündəmə gəlib. Şirkətin maliyyə hesabatlarından birinə görə də LG-nin smartfon bölməsi ötən beş il ərzində təqribən 4.5 milyard dollar itki verib.
Həmçinin oxu: LG də avtomobil bazarına daxil olacaq
Bizi sosial şəbəkələrdən izləyin!!