Bu suallara cavab verməklə həyatınızı dəyişdirə bilərsiniz | Banco.az

Bu suallara cavab verməklə həyatınızı dəyişdirə bilərsiniz

“Ideanomics.ru” özünüinkişafa həsr olunmuş “Want2Discover” layihəsinin həmtəsisçisi Şantal Gerberin motivasiyaedici suallar siyahısını paylaşıb.

Biz çoxumuz avtonom rejimdə yaşayırıq. Artıq öz həyatımızın gedişatını idarə etmirik, standart sxemlərin və rutin həyatın bir parçasına çevrilirik. Ən pisi isə odur ki, bu komfort hissi bizi qane etməyə başlayır və daha mənalı həyata can atmırıq.

Həmçinin oxu: Bu 5 Sualda Uğurlu Karyeranızı Qurun!

Əgər siz də bu cür yaşadığınızı hiss edirsinizsə, deməli, özünüzə vacib suallar verməyin vaxtıdır. O sualları ki, komfort zonamızdan uzaqlaşmamaq üçün çox vaxt cavablandırmaqdan yayınırıq. Lakin heç vaxt gec deyil. Aşağıdakı siyahıdakı suallar nəyi dəyişdirməli olduğunuzu və hansı situasiyalarda necə hərəkət etməli olduğunuzu dərk etmək üçün ilk addım olacaqdır. Ancaq vicdanla, dürüst cavab verin və qəliz, ziddiyyətli duyğulardan qorxmayın. Bunun özü sizi ehtiyac duyduğunuz dəyişikliklərə sövq etmək üçün zəruri təkandır.

1. İndiki “sən”i sevirsən?

2. Dəfn mərasiminizdə insanlar sizin haqqınızda nə danışacaqlar?

3. Nəyi etmədiyiniz üçün təəssüflənəcəksiniz?

4. İndiyə qədər eşitdiyiniz ən müdrik fikir nədir?

5. Şəxsi acı təcrübəniz sizə nəyi öyrədib?

6. Ən güclü qorxularınız və narahatlıqlarınız hansı tezliklə baş verir?

7. Cəmi bir il ömrünüz qalsaydı, nəyə nail olmağa çalışardınız?

8. Siz pula, yoxsa pul sizə xidmət edir?

9. Digər insanların arasında özünüz kimi olmaqdan qorxursunuz? Niyə?

10. Nələrə görə şükür edirsiniz?

11. Son dövrdə qürur duyduğunuz bir şey etmisinizmi?

12. Bu yaxınlarda xeyirxah əməl etmisiniz?

13. Sabah öləcəyinizi bilsəydiniz, özünüzə hansı sualları verərdiniz?

14. Ən pis qorxularınız gerçəkləşərsə, beş ildən sonra da bu, sizin üçün əhəmiyyətli olarmı?

15. Özünüzü necə təsvir edərdiniz?

16. Başqalarının məsləhətlərinə qulaq asırsınız?

17. Tez inciyirsiniz?

18. Özünüzü xoşagələn insan hesab edirsiniz?

19. “Aldığımız şey mövcud olmağımızı təmin edir. Verdiyimiz şey həyatımızı yaradır“ – Uinston Çörçillin bu sözləri sizin üçün nə ifadə edir?

20. Başqalarının həyatını nə iləsə zənginləşdirirsiniz?

21. Həyatınız mənalıdır?

22. Mənalı həyat nədir?

23. Başqasının həyatını xilas etmək üçün canınızı fəda edərdinizmi?

24. Yoxsulluq içində olan insanlar naminə nə qədər qurban verməyə hazırsınız?

25. Əgər eyni günü təkrar-təkrar yaşamaq şansınız olsaydı, o gün nə edərdiniz?

26. Özünüzü sevilməyə və bağlanmağa layiq bir insan hesab edirsinizmi?

27. Daha layiqli olmağınıza nə kömək edə bilər? Sizdə nə dəyişməlidir?

28. Sizi ən çox nə məyus edir?

29. Daha az işləməyə (və sevimli işlərinizlə məşğul olmağa) və daha az pul qazanmağa razı olardınız?

30. Nə sizə daxili rahatlıq, harmoniya gətirir?

31. Başqalarında axtardığınız əsas keyfiyyət nədir?

32. Ən böyük arzunuz nədir?

33. Ən böyük qorxunuz nədir?

34. Əgər doğulmasaydınız, dünyada indiki ilə müqayisədə nə kimi fərq olardı?

35. On il əvvəl hansı həyat dərslərini bilmək istərdiniz?

36. Gəncliyinizdəki “sən”ə bir şey söyləmək haqqınız olsaydı, nə deyərdiniz?

37. Həyatınız bir film olsaydı, adı nə olardı?

38. Həyatınız film olsaydı, izləmək xoşunuza gələrdimi?

39. Uğur sizin üçün nə deməkdir?

40. Başqa bir şəxs ola bilsəydiniz, necə biri olardınız?

41. Həyatınızın ən yaxşı günü hansıdır? Niyə məhz həmin gün?

42. Həyatdan ən çox nəyi gözləyirsiniz?

43. Hansı pis vərdişləri tərgitmək istərdiniz?

44. Sizin üçün avtoritet kimdir və niyə?

45. Həyat yoldaşınızın (sevgilinizin) sevgi dilini bilirsinizmi?

46. Ən çox sevdiyiniz insanlar onları necə sevdiyinizi bilirlərmi?

47. İnsanlarla münasibətlərinizin dərinliyindən razısınız?

48. Özünüzə nə borclusunuz?

49. İndiki gündəlik həyatınızı nəzərə alanda önünüzdəki beş ildə nəyə nail olmağı planlaşdırırsınız?

Ən sərfəli kredit üçün müraciət et

50. Həqiqətən, “yox” demək istəsəniz də tez-tez “bəli” deyirsiniz? Niyə?

51. Dünən nə öyrəndiniz?

52. Özünüzdə nəyi sevirsiniz?

53. Özünüzü səxavətli insan hesab edirsiniz?

54. İnsanlar sizinlə danışanda, doğrudan, onları dinləyirsiniz?

55. Bu il həyatınızda dəyişməli olduğunuz ən vacib şey nədir?

56. Həftədə neçə saatınızı internetə sərf edirsiniz?

57. Ən çox yayılmış mənfi düşüncələriniz nələrdir? Onların məntiqi varmı?

58. Düşünürsünüz ki, bəzi işlərlə məşğul olmaq sizin üçün artıq gecdir? Niyə?

59. Dünyanın ən nüfuzlu insanı olsaydınız, nəyi dəyişdirərdiniz?

60. Ailəniz və dostlarınızla nə qədər vaxt keçirdirsiniz?

61. Beş il sonra harada olmaq istəyirsiniz?

62. Zəruri olmayan şeylər həyatınızı qəlizləşdirir?

63. Həyatınızı necə asanlaşdıra və diqqətinizi ən vacib olan məqama necə yönəldə bilərsiniz?

64. Nə sizdə stresə səbəb olur?

65. Həyatınızı asanlaşdıran şey nədir?

66. Nə qədər tez-tez təmənna güdmədən nəyisə paylaşırsınız?

67. Həyatda əsas qayəniz nədir?

68. Həyatda sizin üçün ən vacib nədir? Ona kifayət qədər vaxt ayırırsınız?

69. Bütün dünyaya bir ismarıc göndərə bilsəydiniz, 30 saniyədə nə deyərdiniz?

70. Nə barədə heç kimə danışmırsınız və buna görə çox təəssüflənirsiniz?

71. Son dəfə nə vaxt yeni bir şeyi sınaqdan keçirtmisiniz?

72. Öz fikrinizi bildirməkdən çəkinirsiniz?

73. Tez-tez olur ki, başqalarını inandırmağa çox vaxtınız gedir, sonra da inciklik və təəssüf hissi duyursunuz?

74. Keçmişdə qalmalı olan bir şeyi tutub buraxmırsınız?

75. Qorxularınızın hərəkətə keçməyinizə maneçilik törətməsinə tez-tezmi icazə verirsiniz?

76. Həyatınızdakı insanlar ən yaxşı cəhətlərinizi göstərməyinizə kömək edirlər?

77. Çox tez-tez başqalarını bəhanələrlə “başınızdan edirsiniz”?

78. Hansı səhvi bir daha əsla təkrar etməyəcəksiniz?

79. Hansı daha pisdir — uğursuzluqla üzləşmək, yoxsa, ümumiyyətlə, cəhd etməmək?

80. Şəxsi inkişafınıza nə daha çox kömək edib — çətinliklər və sınaqlar, yoxsa həyatın xoş və rahat anları?

81. Həyatınızda heç bir “meydan oxuma” və maneə olmamasına nail olmaq fürsətiniz olsaydı, hansı qərara gələrdiniz?

82. Sizinlə ən vacib hədəfinizin arasında nə dayanır? Cavabınızı bir sözlə bildirin.

83. Qəzəbli və ya hirsli əhvalla yatağa tez-tez girirsiniz?

84. Ac uşağı yedirtmək üçün oğurluq etmək pis hərəkətdir?

85. Həyatın kədərli tərəflərinə daha çox diqqət yetirsəydiniz, daha çox daxili konfliktlər yaşayacaqdınız?

86. Səhvlərdən nəticə çıxartmaq mümkündürsə, niyə məyusluq bu qədər acıdır?

87. Həyatda nəyə daha çox diqqət yetirə bilərdiniz?

88. Nə üçün yanımızda olmayanda digər insanları çox düşünürük?

89. Həyatınızdan maksimumu sıxışdırıb çıxartmaq nə deməkdir?

90. Nədə təslim oldunuz və əlinizi üzdünüz?

91. Neçə nəfəri səmimi qəlbdən sevirsiniz və onlar üçün nə edirsiniz?

92. Kifayət qədər sual verirsiniz, yoxsa artıq bildiyiniz şeylər sizi qane edir?

93. Axırıncı dəfə nə ilə məşğul olarkən vaxtı unutmuşdunuz?

94. Artıq işləmək məcburiyyətində olmasanız, xoşbəxt olarsınız?

95. Bir arzunuzu gerçəkləşdirmək mümkün olsaydı, nəyi diləyərdiniz?

96. Sizə nə ilham verir?

97. Nə olmadan yaşaya bilməzsiniz?

98. Nəyi etməyi dəfələrlə təkrarlasanız belə yenə də xoşlayırsınız?

99. Axırıncı dəfə nə vaxt qəhqəhə çəkib gülmüsünüz?

100. Yaşamaq istədiyiniz həyatı yaşamağa nə mane olur?

Suallara səmimi cavab verin və öz həyatınızın ən dərin nöqtəsini kəşf edin. Daxilinizdəki boşluğu məna və məmnunluq duyğusu ilə doldurun. Özünüzə sizi düşündürən suallar verin və onların köməyi ilə zəngin, mənalı və dolğun ömür yaşayın. Həyatımızı köklü surətdə dəyişdirməyə vadar edən vacib suallardan həmişə qaçsaq, heç nə dəyişməyəcək!

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç