Tamara Mustafayeva, Banco.az
Əvvəlki məqalələrimizdən birində "Amazon" şirkətinin əməkdaşlarını vaksinasiyaya təşviq etmək üçün "Max-Your-Vax" adlı kampaniya ilə lotereya başlatdığını xəbər vermişdik. Şirkət bu kampaniya çərçivəsində iki nəfərə 500 min dollar, altı nəfərə 100 min dollar, beş ədəd avtomobil və beş ədəd istirahət paketi olmaqla ümumilikdə 18 hədiyyə təqdim edəcəyini açıqlamışdı.
Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi artıq sözügedən kampaniyanın iştirakçılarına vəd edilən mükafatların verilməsinə başlayıb. Belə ki, bu günədək "Amazon" və sahib olduğu "Whole Foods" supermarketlər şəbəkəsinin 3 əməkdaşının hər birinə 100 min dollar nağd pul mükafatı təqdim edilib. Bununla yanaşı, 4 anbar işçisi və 1 "Whole Foods" əməkdaşı da təqribən 40 min dollar dəyərində avtomobil qazanıb.
Oktyabr ayında baş tutacaq digər 2 lotereya əsnasında da 2 nəfərə 500 min dollar nağd pul mükafatı veriləcək. Lotereyaya bu mükafatlarla yanaşı 40 saata qədər ödənişsiz icazə və 12 min dollar dəyərində istirahət paketi daxildir.
Xatırladaq ki, şirkətin ABŞ-da 950 min personalı mövcuddur.
Bizi sosial şəbəkələrdən izləyin!!