Müəllif:Mehin Qasımova,Banco.az
Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski mümkün böhran və fövqəladə hallar zamanı hazırlıqlı olmaq üçün evində müəyyən ehtiyatlar saxladığını açıqlayıb.
Banco.az xəbər verir ki, Sikorski “Fakt” qəzetinə müsahibəsində mümkün böhran vəziyyətinə necə hazırlaşdığını danışıb. O bildirib ki, evində düyü ehtiyatı saxlayır, əl nasosu var və bağçasında yetişdirdiyi meyvələrdən mürəbbə hazırlayır.
Nazir həmçinin təhlükəsizlik məsələlərinə diqqət yetirdiyini və evinin yaxınlığında sığınacağın harada yerləşdiyini bildiyini qeyd edib. O, fövqəladə vəziyyət zamanı ilkin tibbi yardım göstərmək bacarığının hər kəs üçün vacib olduğunu vurğulayıb.
Sikorski Polşa vətəndaşlarının da mümkün böhranlara hazırlıqlı olmasının faydalı olduğunu deyib. Onun sözlərinə görə, dövlət vətəndaşlara hazırlıqlı olmağı tövsiyə edirsə, bu çağırışlara əməl etməyin heç bir zərəri yoxdur.
Radoslav Sikorski son dövrlərdə cinayətlər, maliyyə zərəri və dövlət strukturlarına qarşı kiberhücumlar kimi təhlükələrin artdığını bildirib.
O, Rusiya ilə NATO arasında silahlı münaqişənin nə vaxt baş verə biləcəyi ilə bağlı suala cavab olaraq deyib ki, bunun nə zaman baş verəcəyini yalnız Rusiya Prezidenti Vladimir Putin bilir.
Sikorski NATO-nun müdafiə ittifaqı olduğunu və münaqişəyə başlamaq niyyətində olmadığını qeyd edib. Bununla yanaşı, o, Rusiyanın daha əvvəl Ukraynaya müdaxilə etdiyini və təzyiq göstərməyə hazır olduğunu bildirib.
Polşa xarici işlər naziri NATO və Polşanın mümkün təxribatlara cavab verməyə hazır olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın atacağı addımlara qarşı elə tədbirlər görülməlidir ki, bunun nəticəsi Moskva üçün daha ciddi itkilərlə nəticələnsin.
Sikorski eyni zamanda Rusiyanın təxribatlarından çəkinməli olduqlarını, lakin buna qarşı səbirli və təmkinli davranmağın vacibliyini qeyd edib.
