Müəllif - Aida İsaq, Banco.az
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra işəgötürənlər artıq daha yaşlı yaş qrupundan olan qadınları və işçiləri müsahibələrə dəvət etməyə başlayıb. Banco.az xəbər verir ki, bunu “Rusiya Federasiyasının əmək bazarının müasir reallıqları” HR forumunda "Cornerstone" şirkətinin tərəfdaşı Vladislav Bıxanov deyib.
“Əvvəllər şirkətlər 40-45 yaş arası namizədləri müsahibəyə çağırmaqdan imtina edirdilər. Xüsusilə rəhbər vəzifələrə təyinat zamanı qadınlara üstünlük verilmirdi. Ancaq sentyabrın 21-dən sonra sektorda fərqli mənzərələr müşahidə edilməyə başlayıb. Zərif cinsin nümayəndələri daha çox axtarılan işçi qüvvəsinə çevrilib. İşəgötürənlər artıq 45, 50 və hətta 55 yaşında olan namizədlərlə əməkdaşlıq etməyə maraq göstərir” - deyə Bıxanov bildirib.
Analitik Angelina Volodina qadınlara təhlükəsizlik və sığorta sahəsində təlabatın daha çox olduğunu bildirib. Ümumiyyətlə onun sözlərinə görə, qadınlar 28 peşə sahəsindən 21-nə daha çox maraq göstəriblər.
V. Bıxanov həmçinin qeyd edib ki, Rusiya əmək bazarında başqa bir tendensiya formalaşır. Yaxın ölkələrdən işçilərin cəlb edilməsi prioritetə çevrilib.
“Tezliklə biz müxtəlif şirkətlərdə fərqli vəzifələrdə çalışacaq çoxlu sayda miqrant işçi görəcəyik. Bu siyahıya təkcə fəhlələr yox, ali təhsilli digər peşə sahibləri - texnoloqlar, mexaniklər, qaz emalı üzrə mütəxəssislər və s. daxildir"
Forbes-in oktyabrın əvvəlində verdiyi məlumata görə, qismən səfərbərlik elan edildikdən sonra Rusiyanı 600-700 min vətəndaş tərk edib. Kreml bu məlumatı təkzib edib. Sentyabrın 21-dən sonra Rusiyanın Gürcüstan, Qazaxıstan və Finlandiya ilə sərhədində ölkəni tərk etmək istəyən insanlardan ibarət növbələr yaranıb. Sərhədlərdə işə qəbul məntəqələri təşkil edildikdən sonra isə axın azalıb. Müdafiə Nazirliyindən bildirilib ki, qismən səfərbərlik şəraitində vətəndaşların gediş-gəlişinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla yanaşı, Rusiyanın bəzi bölgələrində hərbi qeydiyyatda olan vətəndaşların ölkədən çıxışına qadağa qoyulub.
Bizi sosial şəbəkələrdən izləyin!!