Müəllif:Mehin Qasımova,Banco.az
Braziliyanın Amapa ştatı sahillərində yeni neft yataqları aşkarlanıb.
Banco.az xəbər verir ki, kəşf ölkənin enerji gələcəyi ilə bağlı gözləntiləri artırıb. İlkin qiymətləndirmələrə görə, regionda təxminən 10 milyard barel neft ehtiyatı ola bilər.
Braziliyanın dövlət neft şirkəti Petrobras yataqların Amapa sahilindən təxminən 180 kilometr aralıda yerləşdiyini açıqlayıb. Şirkətin prezidenti Maqda Çambriard ehtiyatların dəqiq həcminin hələ müəyyən edilmədiyini, lakin ilkin nəticələrin ümidverici olduğunu bildirib.
Kəşfiyyat işləri isə birmənalı qarşılanmayıb. Ətraf mühit təşkilatları və yerli icmalar layihə ilə bağlı kifayət qədər məsləhətləşmələrin aparılmadığını bildirərək etirazlarını bildiriblər.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva isə yeni ehtiyatların ölkənin iqtisadi gələcəyi üçün əhəmiyyətli ola biləcəyini deyib. Bununla yanaşı, prezident fosil yanacaqlardan mərhələli şəkildə imtina siyasətini davam etdirəcəyini vurğulayıb.
Mütəxəssislərin ilkin hesablamalarına əsasən, Braziliyanın Ekvatorial Kənar adlandırılan bu bölgəsində təxminən 10 milyard barel neft potensialı mövcuddur. Bu ehtiyatların mümkün bazar dəyəri isə təxminən 720 milyard dollar qiymətləndirilir.
Yeni kəşfin kommersiya baxımından nə qədər böyük potensiala malik olduğu isə əlavə kəşfiyyat işlərindən sonra məlum olacaq.
