Hollandiyanın yerli nəşri RTL News xəbər verir ki, ölkə hökuməti vətəndaşlara elektrikli nəqliyyat vasitələrinin alınması üçün ciddi subsidiyalar vermək niyyətindədir. Ətraf mühit naziri artıq avtomobil şirkətləri ilə müqavilələr bağlayıb. 2020-ci il 1 iyul tarixindən etibarən yeni avtomobillərin alınması məqsədilə subsidiyalar 4000 avro (modelindən asılı olaraq 45 min avroya qədər), işlənmiş modellər üçün isə 2000 avro təşkil edəcəkdir.
Ancaq, jurnalistlərin vurğuladığı kimi, subsidiya yalnız avtomobil ixtisaslaşmış dilerlər vasitəsilə alındığı təqdirdə veriləcək. Bunun səbəbi hökumətin maşın alqı-satqısı zamanı subsidiya əldə etmək üçün çox sayda saxtakarlıq edilməsindən ehtiyat etməsidir.
Həmçinin oxu: Hollandiyada sökülüb-yığıla bilən ekoloji təmiz ofis inşa edildi - FOTO
Subsidiyalar 2025-ci ilə qədər qüvvədə olacaq. Hollandiya hökuməti iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və ölkəni ekoloji cəhətdən daha təmiz bir yerə çevirmək məqsədilə ciddi addımlar atır. Amsterdam şəhər rəhbərliyi 2030-cu ilə qədər şəhərdə benzin və dizellə işləyən bütün avtomobil və motosikletlərin istifadəsini qadağan etmək qərarına gəlib.
Elektrikli avtomobillərin alınması üçün analoji subsidiyalar Fransada da mövcuddur. Orada dəyəri 45 min avroya qədər olan bir avtomobil almaq üçün bir fərdi şəxs 6 minəcən, xidməti avtomobil olaraq elektromobil alan şirkət isə 3 min avroya qədər subsidiya ala bilər. İspaniya hökuməti elektrikli nəqliyyat vasitələrinin alınmasına sadəcə 5500 avro məbləğində subsidiya versə də artıq bu məqsədlər üçün 45 milyon avrodan çox vəsait ayırıb.
Həmçinin oxu: Bütün dövrlərin ən çox satılan avtomobili hansıdır?
İngiltərə hökuməti də həmçinin iki gün əvvəl 2035-ci ilə qədər ölkədə benzin və dizel mühərrikli yeni avtomobillərin, eləcə də hibrid modellərin tamamilə qadağan ediləcəyini açıqladı. Daha əvvəl İngiltərədə tam elektrikli nəqliyyata keçid 2040-cı ilə planlaşdırılırdı.
Nigar Umaxanlı, Finco.az