Müəllif:Mehin Qasımova,Banco.az
Niderlandda qida sənayesində mühüm yenilik həyata keçirilib.
Banco.az xəbər verir ki, dünyada ilk dəfə heyvan kəsimi olmadan ət istehsal etmək məqsədilə yaradılmış ferma Şipluiden şəhərində fəaliyyətə başlayıb.
Yeni texnologiya canlı heyvanlardan götürülmüş hüceyrələrin laboratoriya şəraitində çoxaldılması prinsipinə əsaslanır. Hüceyrələr xüsusi bioreaktorlarda yetişdirilərək tədricən əzələ toxumasına çevrilir və nəticədə ənənəvi ətə bənzər məhsul əldə olunur.
Mütəxəssislərin sözlərinə görə, istehsal prosesi boyunca temperatur, oksigen və qida maddələrinin səviyyəsi dəqiq nəzarətdə saxlanılır. Bu isə məhsulun keyfiyyətinin və tərkibinin idarə olunmasına imkan verir.
Layihə üzərində çalışan alimlər bildirirlər ki, əldə edilən məhsul tekstura və dad baxımından adi ətə çox yaxındır. Eyni zamanda, bu üsul protein, yağ və digər qida maddələrinin miqdarını dəqiq tənzimləməyə şərait yaradır.
Hazırda ferma sınaq mərhələsində fəaliyyət göstərir. Layihənin 2028-ci ildə tam gücü ilə işə başlaması nəzərdə tutulur.
Mütəxəssislər hesab edirlər ki, laboratoriya şəraitində yetişdirilən ət gələcəkdə qida sənayesində mühüm dəyişikliklərə səbəb ola və heyvandarlığın ətraf mühitə təsirini azaltmağa kömək edə bilər.
