Müəllif - Aida İsaq, Banco.az
Rusiya oktyabr ayı üçün Hindistana neft ixrac edən ölkələr arasında ilk sıraya yüksəlib.
Banco.az xəbər verir ki, Hindistan da həmçinin öz növbəsində tarixdə ilk dəfə olaraq Rusiya neftinin dənizdən tədarükünə görə Avropanı qabaqlayıb.
Rusiya şirkətləri Hindistana gündə 946 min barel neft nəql edib. Bu isə ölkənin ümumi neft idxalının 22 faizini təşkil edir. İraqın payı 20,5 faizə, Səudiyyə Ərəbistanının payı isə 16 faizə qədər azalıb.
Hindistanın ümumi neft alışı oktyabrda sentyabr ayı ilə müqayisədə 5 faiz, Rusiyadan tədarükü isə 8 faiz artıb. Beləliklə, ölkə Rusiyadan gündə bir milyon bareldən çox neft idxal edən Çini yaxından izləyir.
Hindistana dəniz yolu ilə daşınmalar Avropa İttifaqına göndərilən yüklərdən 34 faiz çox olub. Bu, dekabr ayında qismən embarqonun qüvvəyə minməsindən əvvəl Avropa şirkətlərinin Rusiya xammalı alması istiqamətində kəskin şəkildə geri addımlar atdığını göstərir. Ötən ayda Rusiyadan ümumi neft ixracının əvvəlki ayla müqayisədə iki faiz azalması da bunu təsdiqləyir.
Analitiklərin fikrincə, həmçinin dekabrda Rusiya neftinin Hindistan idxalında azalmalar baş verə bilər. Çünki Qərb ölkələri qismən embarqo ilə eyni vaxtda tədarüklərə məhdudiyyətlər qoymağı planlaşdırır. Rusiyanın Baltik limanlarından neft daşımaq üçün müvafiq tankerlərin çatışmazlığı ən böyük maneələrdən biri olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!