Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 23 milyard 263,1 milyon manat olmaqla 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5% artıb.
Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,9%-ni qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,8% üstələyərək 22 milyard 319,8 milyon manat olub.
Bu ilin əvvəlindən hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 milyard 697 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olmuşdur.
© Report