Qlobal maliyyə bazarları üçün 4-8 dekabr həftəsinin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, Çin, Böyük Britaniya, Kanada və Avstraliyada açıqlanacaq.
"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:
1) Dekabrın 8-də Bakı vaxtı ilə saat 17:30-da ABŞ Əmək Nazirliyi qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluq göstəricisini açıqlayacaq. Hesabatda əsas diqqət məşğulluqdan çox əmək haqlarında artıma yönələcək. Konsensus-proqnoza əsasən, iş yerlərinin 198 min artması, işsizliyin isə 4,1%-də sabit qalması gözlənilir. Saat hesabı əmək haqları oktyabr ayında dəyişməz qaldıqdan sonra, noyabr ayında 0,3% artacağı ehtimal edilir. Əmək haqlarındakı artım inflyasiyanın sürətlənəcəyinin siqnalı ola bilər;
2) Dekabrın 8-də Çində Bakı vaxtı ilə saat 07:00-da noyabr ayı üzrə xarici ticarət balansı, dekabrın 9-da isə (bəzən Çində şənbə günləri də iqtisadi göstəricilər açıqlanır) noyabr inflyasiyası və istehsalçı qiymətləri indeksi açıqlanacaq;
3) Dekabrın 5-də Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyada noyabr ayının PMI indeksi açıqlanacaq. Həmçinin "Brexit"in son mərhələsi ilə bağlı diqqət Böyük Britaniya və Avropa İttifaqı (Aİ) rəsmilərinin açıqlamalarında olacaq;
4) Dekabrın 6-da Bakı vaxtı ilə saat 19:00-da Kanada Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər uçot dərəcəsinin 1% səviyyəsində sabit qalacağını proqnozlaşdırırlar;
5) Dekabrın 5-də Avstraliya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər, uçot dərəcəsinin 1,5%-də sabit qalacağını ehtimal edirlər. Həmçinin III rübün ÜDM, pərakəndə satış və ticarət balansı göstəriciləri diqqətlə izləniləcək.
Mənbə: Report.az