Kredit müştərilərimiz bizim çevikliyimizə və sürətimizə, kreditlərin ödənişi üzrə rahatlığa, davamlı kampaniyalarımıza və müştərilərlə iş üslubumuza daha çox qiymət verirlər.
Banco.az "Bank of Baku" ASC-nin İdarə Heyətinin Sədri Abbas İbrahimovun "APA-Economics"ə müsahibəsini təqdim edir.
- Bəs texnoloji layihələrlə bağlı "Bank of Baku"nun planları nədir ? Bu yaxınlarda İnternet bankçılıq sisteminizin mobil versiyasını təqdim etdiniz. Bundan sonra bu sahədə hansı yeniliklər gözlənilir?
- Texnoloji inkişafı bank sistem və məhsullarına inteqrasiya edən pioner banklardan olduğumuzu iddia edə bilərəm. İlk dəfə kredit ödənişlərini terminallar vasitəsilə ödəməyə imkan verən, ilk dəfə onlayn kredit ödənişi xidməti təqdim edən, ilk taksit kart sistemini təqdim edən, SMS kredit məhsulunu ilk və yeganə təqdim edən bank məhz "Bank of Baku" olub. Bizi fərqləndirən bir cəhət də bütün bu yeniliklərin öz daxili İT komandamız tərəfindən reallaşdırılmasıdır. Qeyd etdiyim kimi növbəti dönəmdə alternativ kanallarımızı, xüsusilə internet və mobil bankçılıq sistemimizi daha müştəri yönümlü və funksional etməyi, müştərinin bu gün yalnız filialda edə biləcəyi bir çox əməliyyatların artıq internet bankinq vasitəsilə etməyini nəzərdə tuturuq. Misal üçün, ASAN imza vasitəsilə artıq pilot layihə çərçivəsində bir neçə korporativ müştəri öz köçürmələrini və hesab əməliyyatlarını banka gəlmədən edə biləcək. Bu yaxınlarda bu imkanı fiziki şəxs müştərilər üçün də təqdim etməyi planlayırıq. Hazırda intenet bankçılıq xidmətimizin 20 mindən artıq aktiv istifadəçisi var. "Bolkart" məhsulumuz üçün də xüsusi mobil əlavə təqdim etmişik. İnanırıq ki, o da istifadəçilər arasında sürətlə populyarlaşacaq. Qısaca bir daha qeyd edim ki, məqsədimiz müştərilərin rahatlığı və məmnuniyyəti məqsədilə, onların filiallarla fiziki təmasını qanunvericiliyin imkan verdiyi ölçüdə minimuma endirməkdir. Müştərilər ehtiyac olan xidmətləri 145 Məlumat Mərkəzi, İnternet bankçılıq, Mobil əlavələr, ödəniş terminalları və s. alternativ kanallardan edə biləcəklər.
- Bu yaxınlarda Mərkəzi Bank tərəfindən Banklarda Məsuliyyətli Kreditləşmə adı altında xüsusi Metodoloji Rəhbərlik təqdim olundu. Bu sənədin tətbiqi ilə bağlı fikirləriniz nədir?
- Hazırda bank sahəsində aktual mövzulardan biridir. Bir az əvvəlki sualınıza cavab olaraq da qeyd etmişdim ki, bank sistemində ciddi məsələlərdən biri də müştərilərin son illərdə aşırı borclanması və bunun da nəticədə problemli kreditlərin həcminə təsiridir. Biz Mərkəzi Bankın bank sisteminin sağlamlaşdırılması, əhali arasında maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində atdığı addımları dəstəkləyirik. Bu cür tənzimləmələrin orta və uzun müddətdə sistemdə aktivlərin keyfiyyətini artıracağına inanırıq. Sənədin tövsiyyələrinə əsasən, “Məsuliyyətli kreditləşmə siyasəti” üzərində işləməyə başlamışıq və tezliklə sənədin rəsmiləşməsi baş tutacaq. Qəbul olunmuş daxili sənədimizdə müştərinin maksimum borclanma imkanlarının düzgün təhlil edilməsi və onların ödəniş imkanlarından əlavə borcla yüklənməməsi, müştəriyə faiz və komisyon haqqları barədə məlumatların şəffaf şəkildə açıqlanması, maliyyə savadlılığının artırılması istiqamatində tədbirlərin həyata keçirilməsi və digər mövzular öz əksini tapacaq. Müvafiq əməkdaşlarımız qısa müddətdə sənədlə tanış olub, qeyd olunan qaydaların tətbiqinə başlayacaqlar.
- Sonda oxucunun vermək istədiyi ən önəmli sual: “niyə məhz "Bank of Baku"nu seçməliyəm?"
- Mən çalışdığım bankla həmişə qürur duyuram, çünki hər yerdə - böyüdüyüm, yaşadığım yerlərdə, dost-tanış məclislərində daima bizim müştərilər çıxır və ən əsası onları həmişə Bankımızdan məmnun görürəm. Biz həmişə öz müştərilərimizə yaxın olmağa çalışmışıq, məhsullarımızda, xidmətlərimizdə, bütün yeni kampaniyalarımızda müştərilərimizin istək və ehtiyaclarını qarşılamağa səy göstərmişik. Çalışmışıq ki, hər bir yeniliyimizlə müştərilərimizə dəstək olaq. Məhz buna görə də bu gün bizə etibar edən 750 mindən artıq müştərimiz var. Kredit müştərilərimiz bizim çevikliyimizə və sürətimizə, kreditlərin ödənişi üzrə rahatlığa, davamlı kampaniyalarımıza və müştərilərlə iş üslubumuza daha çox qiymət verirlər. Əmanət müştərilərimiz isə ölkənin ən sağlam, ən dayanıqlı banklarından biri olduğumuz üçün öz vəsaitlərini bizə etibar edirlər. Həqiqətən də, bu gün Bankın sağlamlığını göstərən əsas rəqəmlərə baxsaq görərik ki, müştərilərimiz öz seçimlərində yanılmırlar. Bu günə bankın məcmu kapitalı 100 milyon manatdan artıqdır, likvid vəsaitlərin ümumi aktivlərə nisbəti 20%-ə yaxındır, ayrılmış ehtiyatların gecikən kreditlərə nisbəti 125%-dən çoxdur. Mən əminəm ki, biz bankın rəhbərliyi olaraq mövcud şəraitdə sürətli və düzgün qərarlar verməklə bankımızı daima Azərbaycanın ən sağlam, dayanıqlı və effektiv banklarından biri kimi saxlayacaq və müştərilərimizin bizə olan etibarını daha da artıracağıq.
"Bank of Baku"da fəaliyyət dövrümün 10-cu ilini qeyd etdim və bununla fəxr edirəm.