"Bank of Baku"da fəaliyyət dövrümün 10-cu ilini qeyd etdim və bununla fəxr edirəm. | Banco.az

"Bank of Baku"da fəaliyyət dövrümün 10-cu ilini qeyd etdim və bununla fəxr edirəm.

"Bank of Baku" bir çox gəncin ilk iş yeri və bank məktəbi olub. Mən də həmin şanslı insanlardanam. 

Banco.az "Bank of Baku" ASC-nin İdarə Heyətinin Sədri Abbas İbrahimovun "APA-Economics"ə müsahibəsini təqdim edir.

- Siz cari ilin may ayından etibarən "Bank of Baku"nun İdarə Heyətinin sədri təyin edilmisiniz. İlk növbədə sizi yeni təyinatınız münasibətilə təbrik edirik. Zəhmət olmasa özünüz haqda bir qədər danışın. Neçə ildir bank sahəsində çalışırsınız, hansı uğurlarınız olub?

- Təbrikiniz üçün çox təşəkkür edirəm. Təhsilimi bitirib Azərbaycana qayıdandan sonra ilk iş yerim kimi artıq o vaxtlardan yenilikçi bir bank kimi parıldamağa başlayan "Bank of Baku"nu seçdim. Bankdakı ilk müsahibəmdən sonra anladım ki, axtardığım və işləmək istədiyim təşkilatı tapmışam. Çoxlarına məlumdur ki, "Bank of Baku" bir çox gəncin ilk iş yeri və bank məktəbi olub. Mən də həmin şanslı insanlardanam. 2005-ci ildə Biznesin inkişafı sahəsində ekspert kimi işə başladım, 9 ay sonra aparıcı ekspert, bir müddət sonra şöbə müdiri vəzifəsinə yüksəldim. 2008-ci ildə, yəni karyeramın 3-cü ilində Məhsulların Yaradılması və İnkişafı departamentinin müdiri, 5-ci ilində isə Pərakəndə sahə üzrə İdarə heyəti sədrinin müavini və İdarə heyətinin üzvü təyin edildim. Bu il sentyabrın 12-də "Bank of Baku"da fəaliyyət dövrümün 10-cu ilini qeyd etdim və bununla fəxr edirəm. Uğurla bağlı sualınıza gəldikdə isə, gözəl komanda olmadığı təqdirdə uğur da ola bilməz. Bu günə qədər iş həyatımdakı bütün uğurlarımı komandamıza borcluyam. Bankın Pərakəndə sahəsinə rəhbərliyim dövründə ən böyük uğurumuzun Azərbaycan kart bazarında yeni bir "trend" yaradan "Bolkart" layihəsi olduğunu düşünürəm.

- "Bolkart" layihəsinə irəlidə bir daha qayıdacağıq. İlk öncə isə Azərbaycan bank sektorundakı mövcud durum haqqında fikrinizi öyrənmək istərdik. Banklar indi əsas nəyə fikir verməlidir?

- Əslində çox geniş mövzudur, lakin qısaca olaraq əsas önə çıxan məsələləri sadalamaq istərdim: birincisi, son aylarda əhalinin kreditə olan tələbatının azalması ilə kredit portfellərinin düşməsi və faiz gəlirlərinin azalması, ikincisi, son illərdə əhalinin borc yükünün artması və manatın məzənnəsinin korreksiyası ilə bağlı kredit risklərinin və müvafiq olaraq ayrılan ehtiyat xərclərinin artması, üçüncüsü, Mərkəzi Bankın tövsiyyəsi ilə komissiya haqlarının və faiz dərəcələrinin azaldılması səbəbi ilə gəlir marjalarının azalması, dördüncüsü, əmanət portfellərinin dollarlaşması. Fikrimcə, bu gün banklar bu məsələlər barədə daha dərin düşünməlidir.

- Yuxarıda qeyd edilən tendensiya ilə bağlı "Bank of Baku" nə düşünür? Hansı addımları atmağa planlaşdırır?

Ən sərfəli kredit üçün müraciət et

- Mən bütün bu dəyişiklikləri bank sistemini daha çevik və effektiv olmağa çağırış kimi qiymətləndirirəm. Düşünürəm ki, banklarımız üçün hal hazırda ən optimal strategiya cari durumu operativ təhlil edib, sürətli və düzgün qərarlar verməkdir. Köhnə dönəm artıq geridə qaldı, indi biz dayanıqlılığımızı təmin etmək üçün aşağı faiz dərəcələri və aşağı gəlir marjaları ilə fəaliyyət göstərməyə hazır olmalıyıq. Bunun yeganə yolu şərtlərin imkan verdiyi ölçüdə dünya standartlarında bir bank olmaq və bu istiqamətdə hərtərəfli dəyişməkdir.

Sentyabr ayının sonunda "Bank of Baku" yeni persperktivlər vəd edən “Change” layihəsinə start vermək üçün hazırlıqlarını aktiv şəkildə davam etdirir. Əsas hədəfimiz layihə çərçivəsində dayanıqlı gəlirlilik və effektivliyimizi təmin etməkdir. 3 illik proqram çərçivəsində biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, bankın filial şəbəkəsinin optimallaşdırılması, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecment alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçid və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Nəticədə daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaq niyyətindəyik. Əminəm ki, müştərilərimiz də tezliklə bu dəyişiklikləri hiss edəcək və onlara təqdim edəcəyimiz üstünlüklərdən faydalanacaqlar.

- Sizə bu yolda uğurlar arzulayırıq. Yəqin ki, planlarınız arasında "Bolkart"a da yer ayırmısınız. 2011-ci ildə bazara daxil olan ilk hissə-hissə ödəniş kartı olan "Bolkart"ın belə uğurlu olacağını heç kəs gözləmirdi. Bu dönəmdə layihə barədə yenilik gözləməyə dəyər?

- Düzgün qeyd etdiniz ki, "Bolkart" ilk hissə-hissə ödəniş kartıdır və hazırda bazar lideridir. 4 il ərzində "Bolkart" yüzminlərlə müştərinin rəğbətini və sevgisini qazana bilib. Qeyd edim ki, son bir neçə ildə Mərkəzi Bank tərəfindən keçirilən müsabiqələrdə "Bank of Baku"nun nağdsız ödənişlər üzrə lider bank seçilməsinin əsas səbəblərindən biri də məhz "Bolkart"dır. Müştərilərimizin dəyişən istək və tələblərinə uyğun olaraq, məhsulumuzu yeniləmək yenilikçi strategiyasına riayət edən bankımızın daimi prioritetlərindəndir. Yəqin ki, bu günlərdə internetdə və şəhərdəki reklam daşıyıcılarında “birdən-birə 5 sürpriz” sloqanlı arımıza rast gəlmisiniz. Belə ki, çox yaxında "Bolkart"ımız hamını yenidən sevindirəcək. Tamamilə yenilənmiş, üstünlükləri bol və digər bənzər kartlardan tamamilə fərqlənən "Bolkart" yaxın günlərdə bazara təqdim olunacaq. Arımızın sürprizlərini pozmaq istəməzdim (gülür - red.), amma onu bildirim ki, 5 sürpriz dedikdə 5 yeni kart və 5 yeni xüsusiyyət nəzərdə tutulur. Bu yeniliklər sırf bir neçə ildir müştərilərdən aldığımız təkliflər əsasında hazırlanıb. Əminəm ki, "Bolkart"lılar bu yenilikləri çox bəyənəcək, "Bolkart"ı olmayanlar isə bu karta tezliklə sahib olmaq istəyəcək.