Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illər briliant bazarında mühüm dəyişikliklər baş verir. Təbii brilyantların qiyməti son iki il ərzində 26% düşüb, laboratoriya şəraitində yetişdirilmiş briliyantların qiyməti isə 2020-ci ildən bu yana 74% ucuzlaşıb. Bu tendensiyanın əsas səbəbləri müxtəlif iqtisadi və texnoloji faktorlarla bağlıdır.
Banco.az Rusiya mediasına istinadla xəbər verir ki, COVID-19 pandemiyasından sonra bahalı mallara, o cümlədən brilyantlara tələb artıb. Ancaq bu dalğa azaldıqdan sonra bazarda kəskin eniş baş verdi.
Laboratoriyada yetişdirilən brilyantların istehsal prosesi getdikcə sürətlənir. Əvvəllər həftələrlə çəkən istehsal müddəti indi bir neçə saata qədər azalıb. Bundan əlavə, bu brilyantların mənşəyini izləmək daha asandır, bu da onları etik seçim edən müştərilər üçün daha cəlbedici edir. Hazırda nikah üzüyü bazarının 45%-ni laboratoriya brilyantları təşkil edir.
Dünyada qeyri-müəyyən iqtisadi vəziyyət və nikahların azalması brilyant bazarına mənfi təsir göstərib. Çinin bazarındakı zəifləmə də bu prosesə təsir edən amillərdəndir.
Qiymətlərin azalması nəticəsində alıcılar daha böyük brilyantlar əldə edə bilirlər. Londonun məşhur Hatton Garden bölgəsində fəaliyyət göstərən zərgərlər bildirirlər ki, artıq 3-5 karat laboratoriya brilyantları adi hala çevrilib və daha çox satılır.
Dünyanın ən böyük almaz istehsalçısı olan De Beers ötən il böyük brilyant ehtiyatı saxlamasına baxmayaraq, 2024-cü ilin əvvəlində istehsalını 20% azaltmağa qərar verib. Şirkət ənənəvi brilyantları daha cəlbedici etmək üçün yeni marketinq strategiyalarını həyata keçirir. Oskar və Emmy mükafatlandırma mərasimlərində təbii brilyantların daha çox təbliğ edilməsi də bu strategiyanın bir hissəsidir.
Tarixdə dəfələrlə brilyant bazarında enişlər olub. 1725-ci ildə Braziliyada almaz yataqları kəşf edildikdə, qiymətlər iki dəfə düşmüşdü, lakin zamanla stabilləşdi. 1867-ci ildə Cənubi Afrikada yeni almaz mədənlərinin aşkar edilməsi də oxşar təsir göstərmişdi.
Mütəxəssislər hesab edirlər ki, brilyantların dəyəri əsasən insanların ona verdiyi əhəmiyyətlə müəyyən olunur. Ancaq laboratoriya brilyantlarının yüksəlişi və dəyişən istehlakçı vərdişləri bazarın gələcəyini qeyri-müəyyən edir.