Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Caspian Barrel president.az saytına əsasən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “BP-Azerbaijan” şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Bəxtiyar Aslanbəyli “BP-Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti vəzifəsində 2015-ci il sentyabrın 1-dən çalışır.
Həmin ilin noyabr ayından Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) ingilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi vəzifəsinə təyin olunub və tələbələrə “Enerji geosiyasəti” fənnini tədris etməyə başlayıb.
Bəxtiyar Aslanbəyli 1976-cı ildə Bakıda anadan olub. 1993-1997-ci illərdə bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib.
1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirib. Magistraturada oxuduğu dövrdə Elm və təhsil mərkəzi “Təfəkkür” Universitetinin hüquq elmləri kafedrasında müəllim vəzifəsində çalışıb. 1998-ci ildən “PricewaterhouseCoopers” şirkətində vergi üzrə məsləhətçi, 2002-ci ildən isə BP Exploration şirkətinin Vergilər şöbəsində vergilər üzrə analitik vəzifəsində çalışmağa başlayıb. 2002-2015-ci illər ərzində BP şirkətinin müxtəlif departamentlərində analitik, vergilər üzrə məsləhətçi, şöbə müdiri, region üzrə menecer vəzifələrini tutub.
Bəxtiyar Aslanbeyli həmçinin Azərbaycan Diplomatik Akademiyasında da müəllimlik fəaliyyəti ilə məşğul olur.
Mənbə: Caspianbarrel.org