Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya enerjiyə qənaət üçün hərəkətə keçib.
Banco.az xəbər verir ki, Böyük Britaniya hökuməti enerji qiymətlərinin artması ilə əlaqədar ictimaiyyəti enerjidən daha səmərəli istifadə etməyə təşviq etmək üçün kütləvi informasiya vasitələrində kampaniya başladıb.
İnflyasiyanın ötən 41 ilin ən yüksək həddinə çatdığı ölkədə hökumət ictimaiyyəti enerjidən şüurlu və səmərəli istifadə etməyə təşviq edən “Ev təsərrüfatlarına dəstək” adlı kampaniyaya başlayıb.
Kampaniyanın ilk addımı olaraq evlərdə istilik izolyasiyasının artırılması, su və istilik qazanlarının dərəcələrinin azaldılması və evlərin istifadə olunmayan yerlərindəki qızdırıcıların bağlanması kimi tövsiyələrin yer aldığı rəsmi internet saytı (helpforhouseholds.campaign.gov.uk) istifadəyə verilib.
Saytda istilik qazanının temperatur rejiminin azaldılması ilə ildə 100 funt-sterlinq, istifadə olunmayan qızdırıcıların bağlanması ilə 70 funt-sterlinq, qapı-pəncərələrdə istilik izolyasiyası ilə isə ildə 70 funt-sterlinqə qənaət etməyin mümkünlüyü qeyd olunub.
Qeyd edək ki, Britaniya hökuməti hələ ki, sözügedən kommunikasiya kampaniyasının ümumi dəyəri ilə bağlı açıqlama verməsə də, Britaniyanın “The Times” qəzeti kampaniyanın ictimaiyyətə xərcinin təxminən 25 milyon funt-sterlinq olduğunu yazıb.
Bizi sosial şəbəkələrdən izləyin!!