Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin bu ilin I rübü ərzində Gədəbəy ərazisində hasilatı 11% artaraq 20 287 unsiya qızıl ekvivalenti olub.
Bu barədə şirkətin I rüblə bağlı hesabatında qeyd olunub.
Hesabat dövründə qızıl hasilatı 17 245 unsiya, mis hasilatı 513 ton, gümüş hasilatı isə 51 295 unsiya təşkil edib. Qızıl hasilatında 5%, gümüş hasilatında 26%, mis hasilatında 2 dəfə artım qeydə alınıb.
Şirkət I rübdə 13 121 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 306 dollar təşkil edib. Ötən ilin I rübündə isə 14 956 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 328 dollar olub.
Bildirilib ki, 2009-cu ildə hasilat başlanandan bəri 20 ton qızıl ekvivalentində hasilata bu ilin I rüb ərzində nail olunub.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Report.az