Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya “Google” üçün yeni qaydalar tətbiq edib.
Banco.az xəbər verir ki, Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) “Google”un axtarış nəticələrinin sıralanma mexanizmi ilə bağlı daha çox şəffaflıq təmin etməsini və axtarış xidmətlərini təkmilləşdirməsini nəzərdə tutan yeni qaydalar tətbiq etdiyini açıqlayıb.
CMA “Google”un axtarış bazarındakı dominant mövqeyi ilə bağlı narahatlıqları əsas gətirərək şirkəti “strateji bazar statusu” çərçivəsində qiymətləndirib. Bu status şəffaflığın artırılmasına yönəlmiş qaydaların tətbiqinə imkan verir.
CMA-nın Böyük Britaniyanın rəqəmsal bazarlar üzrə rəqabət rejimi çərçivəsində “Google”un ümumi axtarış xidmətlərinə dair tətbiq etdiyi iki yeni qayda ilə bağlı açıqlamasına əsasən, ilk qayda şirkətin axtarış nəticələrini necə sıraladığı barədə daha çox şəffaflıq və ədalət təmin etməsini məcburi edir.
Birinci qaydaya görə, “Google” axtarış nəticələrinin sıralanması mexanizmi ilə bağlı daha açıq məlumat təqdim etməlidir. İkinci qayda isə istifadəçilərə axtarış məlumatlarını mükafat platformaları və ya fərdiləşdirilmiş təkliflər təqdim edən şirkətlər kimi səlahiyyətli üçüncü tərəflərə ötürmək imkanı yaradır.
CMA-nın Rəqəmsal Bazarlar üzrə İcraçı Direktoru Uill Heyter bildirib: “Bu yeni tədbirlər axtarış nəticələrinin ədalətli və obyektiv şəkildə sıralanmasını təmin edəcək, dəyişikliklərlə bağlı daha aydın məlumatların təqdim olunmasına və narahatlıqların ifadə edilə biləcəyi effektiv mexanizmlərin formalaşdırılmasına şərait yaradacaq.”
Həmin iki yeni qayda CMA-nın bu ayın əvvəlində “Google” üçün açıqladığı mövcud davranış qaydalarını tamamlayır. Qurum daha əvvəl qüvvəyə mindirdiyi qaydalar çərçivəsində nəşriyyatlara öz məzmunlarının süni intellekt funksiyalarında istifadəsini dayandırmaq imkanı vermişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
