2013-cü il ilə müqayisədə 2014-cü ildə cəmi borcalanların sayı 18,61%, başqa sözlə, 363 544 nəfər artaraq bu ilin yanvar ayının 1-nə 2 mln. 316 min 540 nəfər təşkil edib.
“APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, cəmi borcalanlardan 10 min 775 nəfəri hüquqi, 2 mln. 285 min 226-sı fiziki şəxs, 20 min 509 nəfəri sahibkarlıq subyektidir.
Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin yanvarın 1-dən cari ilin yanvarın 1-dək 359 029 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 673 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3 812 nəfərlik artım olub.
Təkcə noyabr ayı ilə müqayisədə dekabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 26 165, sahibkarlıq subyektlərinin sayında 429, hüquqi şəxslərin sayında isə 55 nəfərlik artım olub.
Ötən ilin dekabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 346 653 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 41,48% artıb. Bu sorğuların 336 621-i banklar tərəfindən daxil olub. 10 032 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib. Noyabr ayı ilə müqayisədə dekabrda ümumi müraciətlərin sayında artım qeydə alınıb. Belə ki, dekabrda MKR-ə daxil olan sorğuların sayı noyabrdakı göstəricidən 49 897 müraciət çoxdur.
2014-ci ilin göstəricilərini təhlil edəndə məlum olur ki, ötən bir il ərzində, ümumilikdə, fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Belə ki, ilin əvvəli ilə müqayisədə dekabr ayında reyestrə daxil olan sorğular 5,6 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1799, fevralda 3452, martda 4228, apreldə 5589, mayda 4073, iyunda 4086 nəfər, iyulda 9205, avqustda 6487, sentyabrda 8580, oktyabrda 9188, noyabrda 10 839 nəfər kredit tarixçəsini öyrənmək istəyib. Dekabrda isə bu göstərici 10 032-yə enib. Başqa sözlə, noyabr ayı ilə müqayisədə dekabrda fiziki şəxslərin sorğularının sayı 7,4% azalıb.
Dekabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 316 540, kredit məlumatlarının ümumi sayı isə 8 977 859 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 078 807-dir.