Müəllif:Mehin Qasımova,Banco.az
"BMW" ABŞ bazarında 27 mindən çox lüks avtomobili geri çağırır. Geri çağırışa səbəb ötürücü valının arxa diferensialla birləşmə nöqtəsində aşınma riskinin aşkarlanmasıdır.
Banco.az xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, nasazlıq güc ötürülməsinin kəsilməsinə və nəqliyyat vasitəsinin hərəkət qabiliyyətini itirməsinə səbəb ola bilər.
Daha ciddi risk isə avtomobil park vəziyyətində olarkən yaranır. Birləşmə mexanizminin sıradan çıxması nəticəsində ötürücü qutunun kilidi effektivliyini itirə bilər. Əl əyləci işə salınmadıqda avtomobil, xüsusilə yamacda, öz-özünə hərəkət edə bilər.
İndiyədək bu problem nəticəsində qəza və ya xəsarət hadisəsi qeydə alınmayıb.
BMW-nin səlahiyyətli servis mərkəzləri geri çağırışa düşən avtomobillərin ötürücü valını və diferensial birləşmələrini pulsuz yoxlayacaq.
Yoxlamadan sonra problemin vəziyyətindən asılı olaraq birləşmə xüsusi yapışdırıcı ilə möhkəmləndirilə və ya ötürücü valı və arxa diferensial komplekt şəkildə dəyişdirilə bilər.
Avtomobil sahiblərinə geri çağırışla bağlı rəsmi bildirişlərin oktyabr ayının əvvəlinə qədər göndərilməsi gözlənilir.
"BMW" sahiblərinə tövsiyə olunur ki, avtomobillərinin geri çağırış siyahısına daxil olub-olmadığını yoxlasın və bildiriş aldıqda səlahiyyətli servisə müraciət etsin.
