Bakı Marketinq Forumunun biznes mühiti üçün hansı faydaları var? | Banco.az

Bakı Marketinq Forumunun biznes mühiti üçün hansı faydaları var?

Bildiyimiz kimi, 14 iyul tarixində Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, qlobal Unite Edelman şirkətinin təşkilati dəstəyi ilə Bakı Marketinq Forumu keçirilib.  

“Dəyişən müştəri davranışlarına uyğun brend hekayəsinin yaradılması” mövzusunda keçirilən webinar biznes sahibləri, marketinq və reklam direktorları, korporativ rəhbərlər, eləcə də biznes və marketinq sahəsinə aidiyyəti olan digər şəxslər üçün nəzərdə tutulmuşdu. Forumda COVID-19-un təsiri ilə bazar trendlərində, müştəri davranışlarında baş verən dəyişiklikləri təhlil edilib, vəziyyətə uyğun real həllər tapmaqdan üçün ən yaxşı beynəlxalq təcrübələr nəzərdən keçirilib. 

Forumun spikerləri Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, McKinsey, Edelman, Unilever, TAB Food Investments, Azercell şirkətlərinin marketinq sahəsində beynəlxalq təcrübəyə malik ekspertləri mövzu ilə bağlı öz təcrübələrini bölüşüb.

Bu məqalədə, iki sessiyadan ibarət forumda müzakirə olunan məqamlardan və onların əhəmiyyətindən bəhs edəcəyik.

Forumun ilk sessiyada aşağıdakı məsələlər müzakirə olunub:

  1. COVİD-19-dan sonra istehlakçı davranışlarındakı dəyişikliklər və bu dəyişikliklər marketinqə necə təsir edir?

  2. Brendlər üçün brend heyakəsinin yeni normaları nələrdir? Marketoloqlar brend hekayəsini necə yaratmalıdır?

  3. İnsanlarda brendə inamın yaradılmasının hansı əhəmiyyəti var?

  4. Brendin formalaşmasında texnologiyanın rolu nədən ibarətdir?

  5. Brend hekayəsinin formalaşmasında işçilərin nə kimi rolu var?

  6. COVİD-19 bizneslər arası (B2B) münasibətlərə necə təsir göstərir?

Məlumdur ki, COVİD-19 istehlakçıların davranışlarının dəyişməsinə gətirib çıxarır. Şirkətlər isə bazarda qalmaq və dayanıqlığını qorumaq üçün yeni vəziyyətə uyğunlaşmalıdır. Bunun üçün də şirkətlər bu davranışların hansı istiqamətdə dəyişdiyini müəyyənləşdirməli və o istiqamətə də fokuslanmalıdır. Bu barədə forumda McKinseyin şirkətinin partnyoru Thomas Bauer şirkətin bu sahədə apardığı tədqiqatlarını bölüşüb. Eyni zamanda, marketinq şirkətin xidmət və ya məhsulunu istehlakçıya çatdırdığından istehlakçı davranışlarının dəyişməsi marketinqin istiqamətini  də dəyişməyə sövq edir. İnsanlarda yeni vərdişlər formalaşdığından artıq ənənəvi marketinq üsulları işə yaramır. Bunun üçün şirkətlər yeni üsullardan (brend hekayələri yaratmaq, sosial media, televiziyadan istifadə və s.) istifadə etməlidir.

Bu üsullardan ən aktualı brend hekayələrin yaradılmasıdır. Brend hekayələri insanlarda brend haqqında fikirləri formalaşırdırır, onu tanıyırlar. Yaxşı hekayə brendə dəyər qatır. Bu baxımdan brend hekayələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Brend hekayəsində əsas məsələ insanlarda brendə qarşı inam yaratmaqdır. Edelman Amsterdam-ın CEO-su  Steven Heywood bu forumda inama 2 fərqli izah verib. Birincisi, inam dedikdə nəyisə doğru etmək bacarığı, digəri isə onu doğru etmək istəyidir. O, qeyd edib ki, biznesdə xoş niyyətlə müştəriyə xidmət göstərmək kifayət deyil. Əsas məqam müştəriyə düzgün xidmət göstərə bilməkdir. İnsanlarda brendə qarşı inamın olması,  şirkət üçün hər bir vəziyyətdə əhəmiyyətlidir. İnam onun bazarda qalmasına, gəlir qazanmasına əhəmiyyətli təsir göstərir. COVİD-19-un yaratdığı vəziyyət texnologiyanın nə qədər vacib olduğunu bir daha diqqətə çatdırdı. Texnologiya biznesi daha çevik fəaliyyət göstərməsinə kömək edir.  Bu çeviklik insanlarda brendə qarşı rəğbət hissi yaradır. Brendin formalaşmasında müştərilərlə birbaşa əlaqədə olduğu üçün işçilərin də rolu əvəzedilməzdir. 

Böhran şirkətlə istehlakçılar arasındakı münasibətlə yanaşı, şirkətlər arası münasibətlərə də öz təsirini göstərib. Belə ki, McKinsey şirkətinin partnyoru İqor Yasenovets, bizneslər arası münasibətlərin şirkətlərdən asılı olaraq dəyişdiyini vurğulayır. Bəzi şirkətlər ilk olaraq xərcləri əhəmiyyətli dərəcədə azaltsa da, zaman keçdikcə onlar marketinq xərclərini artırdıqlarını görmək olar. Təbii ki, bu xərclər biznes sahəsindən asılı olaraq dəyişir. Əslində, digər tərəfdən bu böhran şirkətlərə dəyişmək üçün böyük imkan verir. Artıq şirkətlər bazarda qalmaq üçün yeni yollar axtarır, rəqmsallaşmağa yönəlir.  

İndi isə bütün bunları ümumiləşdirsək belə qənaətə gələrik. Şirkət texnologiyadan istifadə etməklə işçiləri ilə birgə istehlakçıların istəyini nəzərə alaraq onlara düzgün xidmət göstərməli və ya məhsul təqdim etməlidir. Bu yolda o,eyni zamanda, dövrün tələblərinə uyğun marketinq üsulları vasitəsilə öz məhsul və xidməti barədə məlumatları insanlara çatdırmalıdır. Bütün bunlar birlikdə insanlarda brendə qarşı etibarın formalaşdırır ki, bu da biznesin fəaliyyətinin davam etməsinə və dayanıqlı olmasına gətirib çıxarır.

Növbəti sessiyada isə Unilever, TAB Food Investments və Azercell şirkətlərinin nümayəndələri real təcrübələrini bölüşüblər. Şirkət nümayəndələri böhranın yaratdığı vəziyyəti necə öz xeyirlərinə çevirdiklərindən, bunun üçün nələrə diqqət edilməli olduğundan və öz brend hekayələrini necə yaratdıqlarından bəhs ediblər. 

COVİD-19-un biznes mühitinə vuruduğu ciddi təsirlər bəzi şirkətlərin bağlanmasına, bəzilərinin isə gəlirlərinin azalmasına səbəb olub. Bütün bunlar, eyni zamanda ölkə iqtisadiyyatının həcminin kiçilməsinə də gətirib çıxarır. Sonda isə hər birimiz yaranmış vəziyyətdən həm iqtisadi, həm də psixoloji olaraq əziyyət çəkirik. 

Azərbaycan Beynəlxalq Bankın təşkil etdiyi bu forum isə biznes rəhbərlərinə böhran vəziyyətində öz bizneslərini qorumaq və inkişaf etdirmək üçün bexnəlxalq təcrübələrə əsaslanan çıxış yolları, istiqamətlər göstərdi. Bankın nümayəndəsi bu forumun bank üçün başlanğıc olduğunu və bu cür tədbirləri bank biznes üçün digər əhəmiyyətli mövzularda davam etdirəcəyini vurğulayıb. 

Ümid edirik ki, bu cür forumların təşkili ölkəmizdə biznes mühitinin yaxşıllaşmasına böyük təsirini göstərəcək.