"Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik".
Bu sözləri dövlətimizin başçısı Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında deyib.
Dövlət başçısı deyib ki, ölkənin, kənd təsərrüfatının inkişafı üçün belə təsərrüfatların çox böyük faydası var: "Çünki bu gün ölkəmiz, bütün regionlar hərtərəfli inkişaf edir. Kənd təsərrüfatı bu gün prioritet sahədir. Qısa müddət ərzində burada görülən işlər onu göstərir ki, əgər güclü iradə varsa hər bir işi görmək olar. Bu gün mənə göstərildi ki, vaxtilə suvarılmayan torpaq sahələrində indi suvarma işləri aparılıb, ən müasir texnologiyalar tətbiq olunub və beləliklə yüzlərlə hektar torpaq sahəsi artıq əkinə cəlb edilib. Burada yetişdiriləcək məhsul həm ölkəmizin ərzaq təhlükəsizliyini təmin edəcək, həm də gələcəkdə ixrac olunacaq. Beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcək. Bu gün bu, artıq reallıqdır. İndi dünyada böhran yaşanmasına baxmayaraq Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb. Bax, belə təsərrüfatlar hesabına. Çünki məqsədyönlü işlər aparılır. Dövlət həm texnika ilə, həm kreditlərlə öz dəstəyini göstərir, metodik tövsiyələr verilir və insanlar bu işlərə cəlb olunurlar. Mənə verilən məlumata görə, burada kənd camaatı bu işlərdə işləyir, yaxşı maaş alır. Burada həm iş yerləri yaradılır, həm də ən müasir texnika tətbiq edilir. Yəni, bu, müasir yanaşmadır və ölkəmizi gücləndirəcək. Biz ilk növbədə öz tələbatımızı təmin etməliyik. Burada kartofçuluq daha da çox inkişaf edəcək. Biz artıq nəinki öz tələbatımızı təmin edirik, eyni zamanda, ixrac da edirik. Taxılçılıqda isə hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək. Kənd təsərrüfatı məhsullarının ixracının artırılması nəzərdə tutulur. Ənənəvi məhsullar ixrac edilir, ancaq biz bu gün digər sahələrə də böyük diqqət göstəririk".
Prezident qeyd edib ki, Qazax rayonunda şəkər çuğunduru üçün əkin sahələri nəzərdə tutulub: "Bu da çox vacib bir sahədir. Çünki biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, İmişlidə fəaliyyətdə olan şəkər zavodu yerli xammal əsasında işləsin. Digər sahələrdə də belə olmalıdır. Bilirəm ki, indi Qazax rayonunda fındıqçılığa da böyük maraq göstərilir, dövlət də bunu dəstəkləyir. Bu da çox gəlirli bir sahədir, həm kənd adamlarının maddi vəziyyətini yaxşılaşdıracaq, həm də böyük ixrac potensialımız yaranacaq. Biz çalışmalıyıq ki, təbii şəraitimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bu günə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Bunun üçün aqrotexniki, xüsusilə suvarma ilə bağlı tədbirlər görülür, yerli icra orqanları bu işlərə qoşulublar. Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq. Yəni, bu, dövlət tərəfindən görülən işlərdir. Əgər bu işlərə infrastruktur layihələrini də əlavə etsək, mənzərə daha aydın olar. Çünki kənd təsərrüfatının inkişafı üçün ilk növbədə infrastruktur layihələri lazımdır. İndi yollar çəkilir. Bu gün Qazax-Kosalar avtomobil yolunun açılışını qeyd etdik. Elektrik enerjisi ilə təminat sahəsində də problemlər yoxdur. Qazlaşdırma ölkə üzrə hələ 100 faizə çatmasa da Qazax rayonunda 100 faiz səviyyəsindədir. İçməli su layihəsinin icrasına gələn il başlanmalıdır. Bilirəm ki, bu problemlər var. Bəzi rayonlarda artıq bu, öz həllini tapıbdır. Gələn il Qazax şəhərinin və bəzi kəndlərin içməli su layihələrinin icrasına başlanmalıdır. Digər infrastruktur layihələri icra edilib ki, kənd təsərrüfatının, sənayenin inkişafına onun bilavasitə təsiri var. Eyni zamanda, emal müəssisələri yaradılmalıdır. Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır".
"Bizdə əhali artır. Hər il əhalinin sayı təqribən 100 min artır. Ona görə biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Kənd təsərrüfatı bu məsələdə xüsusi yer tutur. Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq. Qısa müddət ərzində Qazax rayonunda belə kəndli fermer təsərrüfatının yaradılması onu göstərir ki, dövlət siyasətinə yerlərdə də çox böyük dəstək var. İnsanlar bunu alqışlayır, vətəndaşlar razıdırlar. İndi mənə məlumat verildi ki, burada bir çox obyekt tikilib. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq. Beləliklə, işlər daha da sürətlə gedəcək və Qazax rayonu daha da sürətlə inkişaf edəcək. Rayon icra hakimiyyətlərindən indi çox şey asılıdır. Mən demişəm, hər bir rayon icra hakimiyyətinin kollektivi çalışmalıdır ki, həm xarici, həm yerli investisiyaları cəlb etsin, işləri qursun, insanlar üçün iş yerləri yaratsın. Onlara bax, bu işlərə görə qiymət veriləcək. Mən görürəm ki, burada bu istiqamətdə ciddi işlər aparılır", - deyə dövlət başçısı vurğulayıb.
Mənbə: Report.az