Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoin cümə axşamı Asiya bazarlarında dəyər itirib.
Banco.az xəbər verir ki, İraq sularında iki neft tankerinə hücum edilməsindən sonra ilkin kriptovalyuta 2 faizə qədər ucuzlaşaraq təxminən 69 600 dollar səviyyəsində ticarət olunub. Eyni saatlarda “Brent” markalı neftin qiyməti 10,5 faiz artaraq 100 dolları keçib və bu vəziyyət səhm bazarları da daxil olmaqla maliyyə bazarlarında riskdən yayınma meylini gücləndirib.
28 fevralda ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan bombardmandan bəri Bitkoin digər aktivlərlə müqayisədə nisbətən sabit qalıb. Kriptovalyuta hücumların ilk günlərində digər bazarlar bağlı olduğu halda ən tez ucuzlaşan aktivlərdən biri olsa da, qısa müddət sonra yenidən bahalaşıb. Son günlərdə isə investorların likvid aktivlərə yönəlməsi ilə Bitkoin yenidən 73 min dolların üzərinə qalxıb.
“BTC Markets” şirkətinin analitiki Reyçel Lukas bildirib: “70 min dollar səviyyəsində müəyyən mənfəət götürmə satışları gözlənilə bilər. Makroiqtisadi mənzərə qeyri-müəyyən olaraq qalır; neft qiymətlərində dalğalanma və davam edən geosiyasi qeyri-müəyyənlik qısa müddətdə riskə marağı məhdudlaşdırır.”
Bizi sosial şəbəkələrdən izləyin!!
