Bir neçə dil bilmək beynin qocalmasını ləngidə bilər – Araşdırma | Banco.az

Bir neçə dil bilmək beynin qocalmasını ləngidə bilər – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlərin birgə apardığı araşdırma bir neçə dil bilməyin beyin sağlamlığına müsbət təsirlərini ortaya qoyub. Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının Konqresində təqdim olunan tədqiqata görə, çoxdillilik beynin qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilər.

Banco.az xəbər verir ki, araşdırma çərçivəsində çoxdilliliyin geniş yayıldığı İspaniyanın Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti araşdırılıb.

Süni intellekt əsaslı analizlər nəticəsində iki dil bilən şəxslərin beyinlərinin yalnız bir dil bilənlərlə müqayisədə orta hesabla 6 il daha gənc göründüyü müəyyən edilib. Üç dil bilənlərdə bu fərqin təxminən 7 il, dörd və ya daha çox dil bilənlərdə isə 13 il olduğu aşkarlanıb.

Alimlər yaşlandıqca beyindəki milyardlarla sinir hüceyrəsi arasındakı əlaqələrin zəiflədiyini, bunun da yaddaş problemlərinə və düşünmə sürətinin azalmasına səbəb olduğunu bildiriblər. Dil öyrənmə prosesinin isə bu sinir şəbəkələrini aktiv saxlayaraq zehni dayanıqlığı artırdığı qeyd edilib.

Tədqiqatın müəlliflərindən biri olan doktor Lucia Amoruso nəticələrin yalnız danışılan dillərin sayı ilə izah edilə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, öyrənilən dilə hakimlik səviyyəsi və ikinci dili öyrənməyə erkən yaşda başlamaq da beyin sağlamlığında mühüm rol oynayır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram