Mərkəzi Bankın bankomatlar və Pos-terminallara dair hazırladığı statistik bülletenə əsasən Azərbaycan Respublikasında 2006-cı ildə cəmi 1080 olmaqla Bakı şəhərində 655, regionlarda 425 bankomat, o cümlədən Bakı şəhərində pərakəndə ticarət məntəqələri də daxil olmaqla 1719, regionlarda isə 351 POS-terminal əhaliyə xidmət göstərmişdir.
2006-cı ildən başlayaraq ötən hər bir illə müqayisədə bankomat və POS-terminalların sayında əhəmiyyətli dərəcədə artım baş vermişdir. Belə ki, 2014-cü il fevral ayına olan statistik məlumatlara əsasən Bakı şəhərində və regionlarda bankomatların sayı 2 və 3 dəfə artaraq uyğun olaraq 1363 və 1064-ə, POS-terminalların sayı isə 17 və 13 dəfə artaraq 29428 və 4713-ə çatmışdır.
Bankomat və POS-terminalların sayının artımı bir terminal və bankomata düşən əhalinin sayında, eləcə də bir bankomat və terminal üzrə bir əməliyyatın orta aylıq həcmində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Əgər 2010-cu ilin fevral ayında bir bankomat 5,3 min terminal isə min nəfər əhali üçün nəzərdə tutulmuşdursa 2014-cü ilin fevral ayında bankomatlar üçün bu say 3,9 minə, terminallar üçün isə 300 nəfərə qədər azalmışdır. O cümlədən bir bankomata düşən əməliyyatların orta aylıq sayı 2222,7 mindən 1823,1 minə qədər azalmışdır.
Lakin bu azalma əməliyyatların həcmini (manatla) azaltmamış, əksinə 60750,3 AZN artırmışdır. Digər ayların da analoji müqayisəsini aparsaq əməliyyatların sayının azalmasının əməliyyatların həcmini azaltmadığının, əksinə artırdığının şahidi ola bilərik. Eyni illərin müxtəlif aylarında bankomat və POS-terminalların sayındakı dəyişikliklərin bir-birindən cüzi miqdarda fərqlənməsinə baxmayaraq onların əməliyyatların sayı və həcmi kəskin şəkildə artma-və azalmaya məruz qalmışdır.
Məsələn: 2010-cu ilin yanvar ayında bir bankomatda 5,3 min nəfər 1223,7 əməliyyat aparmış və bu əməliyyatın həcmi 143616,1 AZN təşkil etmişdir. Həmin ilin fevral ayında bankomatların ölkə üzrə sayının 6 ədəd artması bir bankomata düşən əhali sayını 100 nəfər azaltmış, əməliyyatların sayı 2222,7-ə ,həcmi isə 261380,2-yə qədər qalxmışdır. Eyni ilin mart ayında da bankomatların ümumi sayının 1 ədəd qalxdığı halda əməliyyatların sayı və həcmi nəzərə çarpacaq dərəcədə artmış, aprel ayında isə bankomatların ümumi sayının 19 ədəd artdığı halda əməliyyatların sayı və həcmi kəskin surətdə aşağı enmişdir. 2014-cü ilin fevral ayında əməliyyatların sayı 2010-cu ilin mart ayı ilə müqayisədə eynilik təşkil etsə də əməliyyatların həcmi təxminən 100 min AZN artmışdır.
Bankomatların sayının artması nəticəsində bir bankomata düşən əhali sayının azalması baş verir. Nəticədə həmin bankomatdan istifadə edən insanlar daha keyfiyyətli xidmət əldə etmək imkanı qazanır. Bu zaman bankomat üzrə orta aylıq əməliyyatların sayı da azalır, lakin əməliyyatların həcmi artır, bu isə insanların əməkhaqqılarının və s gəlirlərinin artımı ilə bağlıdır. (belə ki, bankomatdan əsasən nağd pul çıxarılışı üçün istifadə edirlər).
Fidan Quluzadə /Banco.az