“BioNTech” xərçəng dərmanı hazırlamaq üçün bu şirkətlə əməkdaşlığa başlayır | Banco.az

“BioNTech” xərçəng dərmanı hazırlamaq üçün bu şirkətlə əməkdaşlığa başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman biotexnologiya firması “BioNTech” və ABŞ-ın əczaçılıq şirkəti “Bristol Myers Squibb” (BMS) arasında “BioNTech”in xərçəng dərmanının birgə inkişafı və kommersiyalaşdırılması üçün 11,1 milyard dollara qədər ödənişi nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalandığı bildirilir.

Banco.az xəbər verir ki, “BioNTech” və “BMS” (Bristol Myers Squibb) şirkətləri tərəfindən verilən birgə açıqlamada alman “BioNTech” şirkətinin ABŞ-lı “BMS” ilə birlikdə tədqiqat mərhələsində olan BNT327 adlı xərçəng dərmanını inkişaf etdirmək və ticariləşdirmək üçün razılığa gəldiyi bildirilib.

Razılaşmaya əsasən, “BMS” bu əməkdaşlıq üçün “BioNTech”ə ümumilikdə 11,1 milyard dollara qədər ödəniş edəcək. “BioNTech” ilkin olaraq 1,5 milyard dollar əvvəlcədən ödəniş alacaq.

“BioNTech” mRNA texnologiyası ilə Kovid-19 peyvəndini inkişaf etdirərək, ABŞ-lı “Pfizer” şirkəti ilə əməkdaşlıq çərçivəsində bazara təqdim etmişdi. Şirkət həmin mRNA peyvəndindən 2021-ci ildə təxminən 19 milyard dollar gəlir əldə etmişdi.

Kovid-19 pandemiyasından sonra diqqətini xərçəng dərmanlarının hazırlanmasına yönəldən “BioNTech” ilk xərçəng dərmanını 2026-cı ildə bazara çıxarmağı planlaşdırır.

Xəbərin açıqlanmasından sonra “BioNTech”in səhmləri ilkin ticarət mərhələsində təxminən 20% artaraq 114,75 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram