Bəzi banklarda manat qıtlığı yaranıb – EKSPERT | Banco.az

Bəzi banklarda manat qıtlığı yaranıb – EKSPERT

İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nağd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. 

Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.

Yaranmış problemi şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır: 

“Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur. Məsələn: yanvarda pul bazası 6,7% azalıb. Yəni pul bazası 7,9 milyard manatdan 7,3 milyard manata qədər azalıb. Bu, o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. 

Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyatlarıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Pul kütləsi isə banklarda olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6,7% pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq büruzə verir”.

S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq: 

“Əgər Mərkəzi Bank bazardan xarici valyuta alacaqsa, onun əvəzində bazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvvəli olduğundan büdcə açığı yoxdur. 

Büdcədən vəsait ancaq əməkhaqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiyayönümlü vəsaitlər ayrılmır. 

Büdcə acığı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmazdır. Bu mənada Mərkəzi Bank, hələ ki, ehtiyatlı addım atır”.

Mənbə: Modern.az

Ən sərfəli krediti almaq üçün müraciət et