Beynəlxalq Sığorta Şirkətinin ləğv edilməsinə başlanılıb | Banco.az

Beynəlxalq Sığorta Şirkətinin ləğv edilməsinə başlanılıb

"Beynəlxalq Sığorta Şirkəti" ASC-nin ləğv edilməsi ilə bağlı yaradılmış komissiya artıq işə başlayıb. Bu barədə açıqlamasında komissiyanın sədri, Şirkətin 100% səhmdarı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) baş direktoru Hidayət Sultanov məlumat verib.

Onun sözlərinə görə, hazırda ləğvetmə komissiyasının tərkibinə daxil olan ABB-nin 5 təmsilçisi, eləcə də BSŞ-nin 27 işçisi sığorta öhdəliklərinin icrası ilə məşğuldur: "Sığorta hadisələri baş verdikcə aktlaşdırılır və ödəniş verilir. Şirkət adi qaydada işini davam etdirir, öhdəliklərin icrası başa çatana qədər işləyəcək".

H.Sultanov onu da qeyd edib ki, SŞ-nin sığortalılarla yanaşı, kreditorlar qarşısında da öhdəlikləri var: "Şirkətə müəyyən xidmətlər göstərənlər olub, amma onların pulu ödənilməyib. Düşünürəm ki, BSŞ-nin aktivləri həm sığortalılar, həm də kreditorlar qarşısında öhdəlikləri yerinə yetirməyə imkan verəcək".

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, komissiya sədri Şirkətin öhdəliklərinin ümumi məbləğini açıqlayıb.

Xatırladaq ki, ABB-nin səhmdarlarının oktyabrın 12-də keçirilmiş növbədənkənar ümumi yığıncağında BSŞ-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib. Buna səbəb şirkətin maliyyə göstəricilərinin təsisçini qane etməməsi olub.

Qeyd edək ki, BSŞ 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu ilin ilk yarısında aktivləri təxminən 10% azalan şirkət yarımilliyi 1,485 mln. manat xalis zərərlə başa vurub. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et