Benzinlə çalışan avtomobillər ucuzlaşacaq? - AÇIQLAMA | Banco.az

Benzinlə çalışan avtomobillər ucuzlaşacaq? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Milli Məclis elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddətinin 3 ildən 5 ilə kimi artırılmasını birinci oxunuşda təsdiqləyib.

Banco.az-ın xəbərinə görə, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Təklif olunan dəyişiklik layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.

Yeni dəyişikliyin benzinlə işləyən avtomobillərə tələbata təsirləri barədə Banco.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənov bildirib ki, yaxın 10 il müddətində  benzinlə işləyən avtomobillər trenddə qalacaq:

Ən sərfəli kredit üçün müraciət et

“Bu enerji doldurucularının qlobal trendlərdə qalacağı gözlənilsə də, Azərbaycanda onların yaxın vaxtlarda geniş yayılması ehtimal edilmir. Hesab edirəm ki, bu qərar ciddi bir dəyişiklik yaratmaq məqsədindən daha çox, beynəlxalq miqyasda mesajı vermək üçündür. Azərbaycan cəmiyyətində ümumi yanaşmaya əsasən,  benzinlə işləyən avtomobillərə maraq daha geniş qəbul edilir. Bu səbəbdən, elektrikli avtomobillərə keçidin kütləvi şəkildə baş verəcəyini düşünmürəm.

Qanunvericilikdə dəyişikliklər edilsə də, bu yeniliklərə 2027-ci ildən sonra baxılması nəzərdə tutulub. Bu səbəblə, hazırkı şəraitdə bu mövzuya ciddi yanaşmaq üçün əsas görmürəm”.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib. Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.