BƏƏ İran vətəndaşlarının girişini qadağan etdi | Banco.az

BƏƏ İran vətəndaşlarının girişini qadağan etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran vətəndaşlarına qarşı sərt məhdudiyyətlər tətbiq etdiyi barədə məlumatlar yayılıb.

Banco.az xəbər verir ki, iddialara görə, rəsmi qurumlar İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçidini qadağan edib.

Məlumatlarda bildirilir ki, Emirates Airlines şirkətinin rəsmi saytında İran vətəndaşlarının  BƏƏ-yə daxil ola bilməyəcəyi və ölkə üzərindən tranzit keçidlərinin mümkün olmayacağı barədə xəbərdarlıq yerləşdirilib. Qərarın dərhal qüvvəyə mindiyi və hətta qüvvədə olan yaşayış vizası sahiblərinə də şamil edildiyi iddia olunur.

Bununla yanaşı, Dubay Beynəlxalq Hava Limanı vasitəsilə tranzit keçidlərin də iranlılar üçün bağlandığı bildirilir. Eyni zamanda, hazırda BƏƏ-dən kənarda olan İran vətəndaşlarının da ölkəyə girişinə icazə verilmədiyi qeyd olunur.

Eyni zamanda, BƏƏ-də yaşayan iranlıların yaşayış icazələrinin də ləğv edildiyi bildirilir. İran Ticarət Palatası üzvü Əli Şəriəti bu barədə açıqlama verərək qeyd edib ki, hazırda ölkə xaricində olan iranlıların rezident statusları ləğv edilib, ölkə daxilində olanlara isə BƏƏ-ni tərk etmələri ilə bağlı xəbərdarlıqlar göndərilib.

Onun sözlərinə görə, bu qərar əsasən daşınmaz əmlak alan, şirkət qeydiyyatdan keçirən və investisiya yolu ilə yaşayış hüququ əldə edən iranlılara təsir edir. Şəriəti bunun İran vətəndaşlarının BƏƏ-dəki biznes fəaliyyətinə ciddi və qanunsuz müdaxilə ola biləcəyini vurğulayıb.

Bununla belə, Birləşmiş Ərəb Əmirlikləri hökuməti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.