Bankların üzləşdiyi risklər hansılardır? | Banco.az

Bankların üzləşdiyi risklər hansılardır?

Bank fəaliyyətini analiz edərkən ilk növbədə onun gəlirləri və riskləri müəyyən edilir. Bu iki parametr bank fəaliyyətini yaxşı dərk etməyə imkan verir.

Risk nədir?

Risk zərər və itki ilə nəticələnən hadisələrin baş vermə ehtimalıdır. Bank riskləri isə iqtisadiyyatda və maliyyə bazarında gözlənilən və ya gözlənilməyən hadisələrin baş verməsi ilə yarana bilər.

Bank risklərinin əsasən 6 forması vardır:

  1. Kredit riski
  2. Bazar riski
  3. Əməliyyat riski
  4. Likvidlik riski
  5. Biznes riski
  6. Reputasiya riski

Kredit riski müştərilərin bank qarşısında kredit borclarını geri ödəyə bilməməsi və ya ödəməməsi hallarında ortaya çıxır və bankın kredit aktivlərinin azalmasına səbəb olur. Bu hal bankın təklif etdiyi istehlak, biznes, ipoteka və s. kreditlərdə baş verə bilər ki, bütün bu kredit riskləri bankı müflis olmağa qədər apara bilər.

Bazar riski özü də 4 hissədən ibarətdir

  • Faiz dərəcəsi riski. Bu risk faiz dərəcəsində baş verən dəyişikliklərlə əlaqədar yaranır. Əsasən bankın uzunmüddətli aktivləri faiz dərəcəsi riski daşıyırlar, çünki faiz dərəcələrində baş verən dəyişiklikləri bu aktivlərə tətbiq etmək mümkün olmur.
  • Kapital riski. Bu risk səhm bazarında qiymətlərin dəyişməsi ilə əlaqədardır. Bankın səhmlərinin dəyərdən düşməsi onun kapitalını aşağı salır.
  • Məzənnə riski. Məzənnə riski xarici və yerli valyutada baş verən dəyər dəyişiklikləri zamanı ortaya çıxır. Buna misal olaraq ölkəmizdə baş verən devalvasiyanı göstərə bilərik.
  • Mal və əmtəə riski. İqtisadiyyatın müxtəlif sektorlarında mal və xidmətlərin qiymətində baş verən dəyişiklər banklara da təsir edə bilər, belə ki, bankın iqtisadiyyatın müxtəlif sahələrinə yatırdığı investisiyalar, eləcə də, verdiyi biznes kreditlərinin geri ödənilməsi qiymət dıyişikliklərindən olduqca təsirlənir.

Əməliyyat riski bankın gündəlik fəaliyyətində ortaya çıxan risklərdir. Bura işçilərin səriştəsizliyi və yanlış qərarlar, informasiya texnologiyalarında baş verən problemlər və s. daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Likvidlik bankın depozitarlara qarşı öhdəliklərini həyata keçirmək və kredit vermək üçün kifayət qədər nağd vəsaitinin olması deməkdir. Likvidlik riski isə bankın gündəlik əməliyyatlarını həyata keçirmək üçün nağd vəsaitinin çatışmamasıdır.

Reputasiya riski bankın ictimai etibarını itirməsi riskidir. Bu zaman bankın imici zədələnir və ictimaiyyətin banka olan etimadı azalır.

Biznes riski bankın uzunmüddətli biznes strategiyası ilə əlaqədar ortaya çıxa biləcək riskdir. Bu hal çox zaman bankın yanlış strategiya seçməsi ilə əlaqədar olur.

Bu risklərin qarşısını almaq üçün banklarda “Risklərin idarə edilməsi” şöbəsi yaradılır ki, bu da zamanında riskləri müəyyən etmək və qarşısını almağa kömək edir.

Qeyd edək ki, zamanında risklərin  qarşısının alınmaması bank üçün böyük problemlər yarada və hətta sonda bankın müflisləşməsi ilə nəticələnə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et