“Vətəndaşımız özü istəsə, hər bir bankın maliyyə göstəriciləri ilə tanış ola bilərmi?” – hüquqşünas ekspert Əkrəm Həsənov çox vacib bir məsələyə diqqət yönəldib.
O bildirib ki, vətəndaşları nəinki maliyyə göstəriciləri ilə, ümumiyyətlə, banklara dair bir çox məlumatla tanış olmaq hüququna malikdir:
“Belə ki, Mərkəzi Bankın “Banklarda korporativ idarəetmə standartları”nın 14-cü bəndində bankların internet səhifəsində açıqlamalı olduqları məlumatların geniş siyahısı var (bank binalarında bu barədə elan da yerləşdirilməlidir)”.
Ekspert bildirir ki, əgər həmin istinaddan istifadə etsəniz, görəcəksiniz ki, banklar özləri haqda necə geniş əhatəli məlumatı açıqlamalıdır.
“Amma reallıqda bunu heç bir bank tam və müntəzəm etmir! Bəzi banklar tam olmasa da, müntəzəm edir. Qalanları isə nə tam edir, nə də müntəzəm. Hər bir bankın sözügedən tələbə necə riayət etməsini hər kəs özü yoxlaya bilər.”
Bankların maliyyə durumu Banco.az olaraq, bizim də daima marağımızdadır. Portalımız bankların maliyyə vəziyyəti ilə bağlı mütəmadi olaraq araşdırmalar aparır və ekspertin qeyd etdiyi məsələ həqiqətən də reallığı əks etdirir.
Təəssüf ki, heç də bütün bankların saytlarında axtardığımız göstəriciləri tapa bilmirik və həmin bankla əlaqə saxladıqda bildirilir ki, “Biz həmin məlumatları Mərkəzi Banka təqdim edirik, Mərkəzi Bank lazım bilsə həmin rəqəmləri özü açıqlaya bilər”.