Bankları problemli kreditlərdən xilas etməyin əsas yolu | Banco.az

Bankları problemli kreditlərdən xilas etməyin əsas yolu

İstehlak kreditləri yerli istehsalı dirçəldə bilər.

Bank sistemində müşahidə edilən problemlər Maliyyə Bazarlarına Nəzarət Palatasının ilin sonuna kimi nəzərəçarpacaq nəticələr qazanmasını vacib edir.

ANS PRESS-ə müsahibə verən İqtisad Universitetinin professoru Elşad Məmmədovun fikrincə, bank fəaliyyəti iqtisadiyyatın real sektorunun inkişafına xidmət etməlidir: “Bu, müasir dövrün trendidir. Bu barədə prezident İlham Əliyev də Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbulu zamanı bildirmişdi”. 

"Bank sektoru üzərində lazımi nəzarət olsa idi, bəlkə də biz bu gün daha münasib mövqeyə malik olardıq”.

Aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbulu etmiş ölkə başçısı İlham Əliyev maliyyə və bank sektorunda nəzarətin çox vacib olduğunu bildirib: “Yaxın keçmişdə şahidi olduğumuz kimi, bu sektorda nəzarətin lazımi səviyyədə olmaması bizim maliyyə sistemimiz üçün çoxsaylı problemlər yaradıb. Bank və maliyyə sektorunun daha da güclü nəzarətə ehtiyacı var. Bildiyiniz kimi, milli valyutaya etimadın artırılması üçün addımlar atılıb. Əmanətlərin yüz faiz sığortalanması təmin edilib. Bütün bu addımlar maliyyə sisteminin sabitləşməsi üçün atılıb. Bank sektoru üzərində lazımi nəzarət olsa idi, bəlkə də biz bu gün daha münasib mövqeyə malik olardıq”.

Elşad Məmmədov bank sektorunda əsas problemin son bir neçə ayda problemli kreditlərin artması olduğunu bildirir: “Problemli kreditlər bir il əvvəl kredit çantasının 5 faizinin ətrafında dəyişirdi. İndi artaraq 7 faizə yaxınlaşır. Ümumi kredit çantasının toplam məbləği 20 milyard manat ətrafında dəyişdiyi halda, problemli kreditlər 1,32 milyard manata çatır. Mənim fikrimcə, problemli kreditlərin əsas mənbəyi dollar kreditləridir”.

“Ölkədə dollar kreditləri manat kreditləri ilə eyni çəkiyə bərabərdir. Bu, nonsensdir."

Azərbaycan Mərkəzi Bankının (AMB) statistik göstəriciləri də Elşad Məmmədovun fikrinlərini təsdiqləyir. 2015-ci ilin yanvar ayında ölkə üzrə kredit çantasının toplam məbləği 18,6 milyard manat olduğu halda problemli kreditlər 1 milyard manat ətrafında (təxminən 5,5%) idi. 2016-cı ilin fevralında göstəricilər uyğun olaraq 20,32 milyard manat və 1,32 milyard manata (6,5%) qalxıb. Keçən 14 ay ərzində problemli kreditlərin payı 1% artıb. Dollar kreditləri üzrə isə vəziyyət daha kəskin dəyişib. Əgər 2015-ci ilin yanvar ayında ölkə üzrə toplam 5 milyard manata bərabər olan dollar kreditlərinin 204 milyon manatı (təxminən 4,08%-i) problemli kreditlər olubsa, 2016-cı ilin fevral ayında 10,2 milyard manata bərabər olan dollar kreditlərinin 657 milyon manatı (6,5%-i) problemli kreditlərdir. Göründyü kimi, dollar kreditlərində problemli kreditlərin payı 14 ay ərzində 2,4 faiz artıb.  

Ən sərfəli kredit üçün müraciət et

Buna görə, Elşad Məmmədov vaxtı ilə ölkənin  bank sektoruna nəzarət etmiş AMB-nin işinin ən böyük nöqsanının dollar kreditləşməsinin “çiçəkləndirilməsi” olduğunu deyir: “Ölkədə dollar kreditləri manat kreditləri ilə eyni çəkiyə bərabərdir. Bu, nonsensdir. Əslində, AMB öz fəaliyyəti ilə ölkə banklarını dollarla işləməyə məcbur edirdi. Banklar o vaxt dərəcəsi 3%-ə bərabər olar mərkəzləşmiş kreditlərə çıxış imkanından məhrum idilər. Ona görə xaricdən illik dərəcəsi 5-8 faizə bərabər olan vəsaitlər cəlb etməyə məcbur idilər. Buna görə də kreditləri daha çox dollarla verməyə çalışırdılar. Düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının dollarla kreditlərə qoyduğu qadağa davam etməlidir”. 

Bəzi aylar üzrə problemli dollar kreditləri (milyon manat)

Bəzi aylar üzrə problemli dollar kreditləri (milyon manat)

Professorun fikrincə, Palata kreditlərin strukturuna da fikir verməlidir: “Toplam kredit çantasının 70-80 faizi istehlak kreditlərindən ibarətdir. Bu kreditlər 10 ildən çoxdur ki, idxal iqtisadiyyatını dəstəkləyir. Verilən kreditlər əsasən idxal mallarının satışına imkan yaradır. Real sektorun, kənd təsərrüfatının çiçəklənməsinə imkan yaradan kredit siyasətinə keçilməlidir”.

Əslində, istehlak kreditləşməsindən də  yerli istehsalın inkişafı üçün istifadə etmək mümkündür. Bu sahədə müxtəlif ölkələrin uğurlu təcrübələri var. Məsələn, Rusiyada və Almaniyada böhran illərində yerli istehsal avtomobilləri kreditə verilərək sektorun dirçəlişinə zəmin yaratmışdı. Azərbaycan da bu təcrübədən yararlana bilər və yerli istehsal məhsulu olan avtomobillərin,  mebellərin, məişət texnikasının satışını istehlak kreditləri ilə stimullaşdıra bilər.