Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.
Qaydalar Azərbaycan Respublikası Qanununun 34.2.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları (bundan sonra - banklar) üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.
Açıq valyuta mövqeyi bankın ayrı-ayrı xarici valyutalarda, habelə bank metallarında balans və balansdankənar tələblərinin və balans və balansdankənar öhdəliklərinin məbləğləri arasındakı fərq, qısa açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta öhdəlikləri məbləğinin onun tələbləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi, uzun açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi, məcmu açıq valyuta mövqeyi bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstərici, qapalı valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyidir.
Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:
- müddəti bir ilədək olduqda – 20 faizlə (kreditə konvertasiya əmsalı – 0,2);
- müddəti bir ildən çox olduqda – 50 faizlə (kreditə konvertasiya əmsalı – 0,5);
- müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə – 10 faizlə (kreditə konvertasiya əmsalı – 0,1).
Qaydalara görə, açıq valyuta mövqeyi hesablanarkən ehtiyat hesabına balansdan silinmiş və balansdankənar hesablarda uçotu aparılan aktivlər istisna edilir. Açıq valyuta mövqeyi hesablanarkən balans aktivləri müvafiq ehtiyatlar (adi və məqsədli ehtiyatlar) çıxılmaqla nəzərə alınır. Bank tərəfindən bağlanmış bütün hedcləşdirmə müqavilələri açıq valyuta mövqeyinin hesablanması zamanı nəzərə alınır. Bank tərəfindən hedc müqaviləsi bağlandığı halda, Azərbaycan Respubikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) və Mərkəzi Banka bu barədə məlumat təqdim olunur. Təqdim olunan məlumatın forması Palata tərəfindən müəyyən olunur. Bağlanmış hedc müqaviləsi icra olunmadıqda, bu barədə bank tərəfindən Palataya məlumat verilir və Palatanın müraciəti əsasında hedc müqaviləsi Mərkəzi Bank tərəfindən icra edilə bilər.
Açıq valyuta mövqeyi hesablanarkən balansdankənar öhdəliklər xalis məbləğdə (depozit hesabındakı vəsaitlərlə və uzunmüddətli öhdəlikləri üzrə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olan bankların, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 2 pillə aşağı olan bankların qarantiyaları ilə təmin olunmuş hissə çıxılmaqla) nəzərə alınır.
Qeyd edək ki, açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeləri nəzərə alınmır. Açıq valyuta mövqeyi bank tərəfindən günlük əsasda sərbəst dönərli və qapalı valyutalar üçün günün məzənnəsi əsasında hesablanır.
Xarici valyuta məzənnəsinin və bank metallarının dəyərinin dəyişməsi ilə bağlı risklərin məhdudlaşdırılması məqsədi ilə açıq valyuta mövqeyi limiti bu aşağıda müəyyən edilən hədlərdən çox olmamalıdır:
Açıq valyuta mövqeyi | SDV üzrə | Qapalı valyutalar üzrə | Bank metalları üzrə |
Uzun açıq valyuta mövqeyi (bir valyuta üzrə) | 10% | 7% | |
Qısa açıq valyuta mövqeyi (bir valyuta üzrə) | 10% | 7% | |
Məcmu uzun açıq valyuta mövqeyi | 20% | 14% | 3 % |
Məcmu qısa açıq valyuta mövqeyi | 20% | 14% | 3 % |
Açıq valyuta mövqeyi limitləri əməliyyat günü ərzində bankların açdıqları valyuta mövqeləri nəzərə alınmadan yalnız əməliyyat gününün yekun göstəricilərinə şamil edilir.
Qeyd edək ki, açıq valyuta mövqeyinə dair günlük, həftəlik və aylıq əsaslarda hazırlanmış hesabatlar bu qaydalarda müəyyən edilmiş formada hazırlanır. Açıq valyuta mövqeyinə dair günlük hesabat növbəti iş günü saat 15:00-dək, günlər üzrə tərtib olunmuş həftəlik hesabatlar növbəti həftənin ilk iş günü, aylıq hesabatlar növbəti ayın ilk iş günü Palataya təqdim edilir. Hesabata həm ölkə daxilində, həm də ölkə xaricində yerləşən filial və şöbələr üzrə icmal məlumatlar daxil edilir. Azərbaycan Respublikası ərazisindən kənarda filial və şöbəyə malik olan banklar, həmçinin bu filial və şöbələrə dair məlumatların əks olunmadığı hesabatı da təqdim edir.
Xatırlaqdaq ki, yeni qaydalar 2019-cu ilin martın 1-dən qüvvəyə minəcək.
Report.az