Banklara əlavə bir il möhlət verildi! | Banco.az

Banklara əlavə bir il möhlət verildi!

Bank sektorunun maliyyə sabitliyi və dayanıqlığı potensialının gücləndirilməsi, habelə bankların maliyyə vasitəçiliyi və real sektoru, xüsusilə qeyri-neft sektorunu dəstəkləmək imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinə tələb 50 mln. manatadək artırılmışdı. Yeni kapital tələbinə uyğunlaşmaq üçün banklara 1 yanvar 2014-cü il tarixədək müddət verilmişdi. Ötən dövr ərzində bankların kapital mövqeyi və planları intensiv nəzarət tədbirləri ilə əhatə olunmuşdur.

Qlobal maliyyə böhranından sonra beynəlxalq maliyyə qurumları da bank və maliyyə institutlarının maliyyə sabitliyi və dayanıqlığının gücləndirilməsi məqsədilə kapital tələbinin əhəmiyyətli artırılmasını tövsiyə etmişdir. Kapital, bankların maliyyə dayanıqlığının mühüm göstəricisi olmaqla yanaşı, onların maliyyə vasitəçiliyi potensialının formalaşdırılmasında da əhəmiyyətli rol oynayır.

Cari vəziyyətə Mərkəzi Bank, bankların kapitalizasiyası ilə bağlı hədəfinə strateji olaraq nail olmuş, bankların kapitalının keyfiyyəti və həcmi əhəmiyyətli artırılmışdır. Ötən 15 ay ərzində bankların məcmu kapitalı 48% və ya 1 mlrd. manat artaraq 3,2 mlrd. manata çatmışdır. Halbuki bundan əvvəl bank sektorunun kapitalının 1 mlrd. manat artımı üçün 4 ildən çox vaxt tələb olunmuşdu.

Qiymətləndirmələr göstərir ki, 2013-cü ilin sonunadək bank sektorunun aktivlərinin 95%-nə və əhalinin əmanətlərinin 96%-nə malik bankların kapitalının həcmi 50 mln. manatı ötəcəkdir. Kapitalizasiya ilə bağlı qərarın qəbul edilməsindən sonra kapitalı 100 milyon manatdan çox olan özəl bankların sayı 2 dəfə artaraq 8-ə çatmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank sisteminin kapital adekvatlığı da 3 faiz bəndi artaraq 17,3%-ə çatmışdır. Bu göstərici beynəlxalq standartların tələbini 2 dəfə, AMB-nin minimum normativ tələbini isə 5 faiz bəndi üstələyir.

Bankların yeni kapital tələbinə uğurlu adaptasiyası sektorun investisiya cəlbediciliyini, sektora olan etimadı, maliyyə sabitliyi və dayanıqlıq potensialını bir daha təsdiq etmişdir. Yeni kapitallaşma səviyyəsi bankların iqtisadiyyatı, o cümlədən real sektoru və əhalini kreditləşdirmək və maliyyə xidmətləri ilə təmin etmək imkanlarını əhəmiyyətli genişləndirmişdir. Eyni zamanda bu, bank sektorunda rəqabəti artırmaqla və masştab effektindən istifadə etməklə bank xidmət və məhsullarının dəyərinin azaldılmasında da mühüm rol oynayacaqdır.

Kapitallaşma potensialının mövcud olmasına baxmayaraq bank sektorunun aktivlərində cəmi 5% paya malik banklar tərəfindən kapital tələbinin icrası üçün əlavə vaxt tələb olunur.

Qeyd olunanları nəzərə alaraq, eləcə də bank kreditor və əmanətçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, bütövlükdə bank sektorunun maliyyə sabitliyinin qorunması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 14 noyabr 2013-cü il tarixli qərarı ilə banklara məcmu kapitalın 50 mln. manata çatdırılması üçün 01 yanvar 2015-ci ilədək möhlət verilmişdir.

Bununla əlaqədar olaraq kapitalını 50 mln. manata çatdırmamış banklara cari ilin sonunadək əlavə möhlət dövrü üçün kapitalizasiya planlarını bir daha dəqiqləşdirərək Mərkəzi Banka təqdim etmələri tapşırılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et