Banklar və hökumət hansı addımları ata bilər – ekspert rəyi | Banco.az

Banklar və hökumət hansı addımları ata bilər – ekspert rəyi

Zamanı geri qaytarmaq mümkün deyil, eləcə də məzənnəni dəyişməsini ləğv etmək. Yəni manatın məzənnənin dəyişməsi artıq gerçəklikdir  və bunu qəbul etmək lazımdır. Bir çox borcalanlar kredit borcunun keçmiş məzənnə ilə qaytara biləcəyi ümidi yaşayır ilə gözləmə mövqeyi seçir. Halbuki, bu onların kredit tarixçəsini korlaya və hesablanan cərimələr səbəbindən ödəməli olduqları məbləği daha da artıra bilər.  

Gecikmələrin yaranması elə banklar üçün də hadisələrin arzuolunan gedişatından xəbər vermir.

Bəs mövcud vəziyyətdə banklar itkilərini azaltmaq üçün nə edə bilər? – Məhz bu məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevin  fikirlərini öyrənməyə çalışdıq

  1. Samir Əliyev bildirir ki, “Banklar tərəfindən müəyyən güzəşt təşəbbüsləri var, bunlardan biri də  banklar kreditin  ödənilmə vaxtının uzadılmasıdır. Bu halda aylıq ödənişin miqdarı əvvəlki səviyyədə saxlanılır, 34%-lik artım isə növbəti aylara keçirilir. Belədə borcun məbləğindən və kreditin ödəniş müddətindən asılı olaraq, kreditin müddəti 4-5 ay və ya daha uzun müddətə artırıla bilər.
  2. Növbəti güzəşt faizlərin aşağı salınmasıdır. Əgər bank xarici valyutada olan kreditlərin illik faizini bir neçə faiz aşağı salarsa, bu aylıq ödənişlərin də həcmini müəyyən qədər azaldar və vətəndaşın yükünü nisbətən yüngülləşər. Yəni onun aylıq ödəyəcəyi miqdarı bu zaman 34% deyil, daha az artmış olar.
  3. Digər addım gecikmələrə görə cərimələrin hesablanmasının bir müddət dayandırması ola bilər. Müştərilə ilə bank arasında bağlanmış müqaviləyə əsasən ödəniş zamanı ləngimənin olması cərimənin hesablanması ilə nəticələnir. İndi halda banklar ödəniş üçün güzəşt müddətini uzatmaqla müştərinin cərimələnməsini ertələyə bilər.  
  4. Banklar tərəfindən atıla biləcək 4-cü addım müştərinin kredit tarixçəsinin korlanmamasıdır. Yəni bankları bir müddətlik olsa da gecikmələrə və cərimələrə göz yummalıdır. Məsələn, indi mövcud vəziyyətdən dolayı vətəndaş kreditini ödəyə bilmir, bank onu qara siyahı salır, onun kredit tarixçəsi korlanır, gələcəkdə o kredit üçün müraciət edəndə bir sıra problemlər yaranır.

“Banklar bu tipli güzəştlərə getməlidir. Vətəndaşların isə güzəşt imkanı məhduddur.

Düşünürəm ki, burada dövlət bu işə qarışmalıdır. Düzdür, bu situasiyalarda ayrı-ayrı ölkələrdə fərqli addımlar atılır. Məsələn, Ukrayna və Rusiyanın verdiyi qərar bir birinə çox yaxın idi. Onlar kreditlərin ödənişi ilə bağlı sabit bir məzənnə tətbiq etdilər. Düzdür bu nə tam köhnə, nə də ən son məzənnə deyildi. Rusiya bu halda 2014-cü ilin oktyabrın 1-nə olan məzənnəni seçdi, bu isə 1 dollar = 39,4 rubl edir. Halbuki 2014-cü ilin əvvəlində 1 dollar 32-33 rubl idi. Elə bir məzənnə götürüldü ki, nə banklara, nə də vətəndaşlara çox ağırlıq düşməsin”.

Samir Əliyevin fikrincə isə dövlətin ata biləcəyi ən yaxşı addım,  xarici valyutada olan istehlak kreditlərinin ödənişindəki məzənnə fərqini öz üzərinə götürməkdir. Söhbət təxminən 350-400 milyon manatdan gedir. Məzənnə dəyişikliyinə görə banklar əlavə vəsait ödəmək məcburiyyətində qalır. Bu isə bütün bankların birlikdə götürülmüş illik mənfəətindən də çoxdur. Dövlət bu qədər vəsaiti banklara ödəsə, bu halda banklarda kreditləri köhnə məzənnə ilə qəbul edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Samir Əliyev hesab edir ki, bu orta məzənnənin tətbiqindən daha optimal variantdır. Lakin o, istənilən halda bankların mövcud vəziyyətdə  zərərlə üzləşəcəyini düşünür.

“Bəs, dövlətin banklara maliyyə dəstəyi özünü hansı şəkildə büruzə verə bilər?” sualına gəldikdə isə ekspert bildirir ki, bunun bir sıra mexanizmləri var:

“Bunlardan biri vergi güzəştidir. Məsələn vergi güzəşti şəklində, banklar bildiyiniz kimi 20% həcmində mənfəət vergisi ödəyir, ola bilsin ki hökumət, onları bir illik mənfəət vergisindən azad etsin. Başa düşürəm indiki zamanda bu təklifin hökumət tərəfindən qəbul edilməsi az inandırıcıdır. Hər bir halda dəstək olmalıdır”,   

“Digər mexanizm banklara birbaşa kompensasiyanın verilməsidir.  Üçüncü mexanizm bankları ucuz kredit resursu ilə təmin etmək ola bilər. ”

Bunlar mümkün üsullardır və  onların hansının daha optimal olması təhlil edilməlidir və konkret qərar qəbul edilməlidir, çünki söhbət çox ciddi itkilərdən gedir, Samir Əliyev söyləyir:

“Hökumət seçim etməlidir: O,  300-400 milyon itirməyi seçəcək, yoxsa bank sektorunun çökməsi nəticəsində milyardlarla pul? Bu baxımdan hökumətin zərəri daha çoxdur, nəyin ki, müəyyən güzəştə gedərək, xərcləyəcəyi vəsait

“Bəli, Konstitusiya Məhkəməsi  qərar çıxara bilər ki, banklar borc öhdəliklərinin qəbulunu köhnə məzənnə ilə həyata keçirsinlər. Bu zaman nə baş verəcək?

“Bank həmin kredit ödənişini köhnə (aşağı) məzənnə ilə qəbul etməli olacaq. Əmanətləri isə qaytaranda yeni (yüksək) məzənnə ilə qaytaracaq. Deməli, bir tərəfdən kreditlərin timsalında qazancı azalacaq, digər tərəfdən də əmanətlərin timsalında xərcləri artacaq. Krediti köhnə kursla qəbul edəcək və burada 34% itirəcək. Halbuki bayaq qeyd etmişdik ki, həmin pulu bank başqa bir qurumdan cəlb edib.

Bank hər ay dollar əmanətlərinə görə faizlə ödəyir , çünki onun müqavilələr ilə təsdiqlənmiş öhdəlikləri var. Həm də xarici öhdəliklərini yerinə yetirir və bütün bunları edərkən, manatı Mərkəzi Bankın təyin etdiyi məzənnəyə uyğun olaraq, dollara çevirir və avtomatik olaraq, burada 34% itirir.

Bu gedişlə bankın pulu qurtarır, bəs indi o, nə etməlidir? Ya yenə də xarici təşkilatlara, banklara, üz tutmalıdır vəsait cəlb etmək üçün, buna da uzun vaxt tələb olunur və indiki halda vaxt məhdudiyyəti buna imkan vermir.

Ya da sürətli olaraq, öz kapitalına müraciət etməlidir. Öz kapitalına müraciət edir və kapitalını kreditə yönəldir və zərər kapitalı azaldır. Kapital azalan kimi, Mərkəzi Bankın kapital yetərliyi ilə bağlı normativləri pozulur, bildiyiniz kimi Mərkəzi Bankın 1-ci dərəcəli və 2-ci dərəcəli kapitalın həcminə və nisbətlərə dair normaları var.  Nisbətlər dəyişirsə, avtomatik olaraq həmin normalar pozulur.  Eyni zamanda bankların və əsasən xarici kapitallı bankların bir sıra qurumlar qarşısında götürdükəri öhdəliklər  pozulur. Çünki həmin qurumlardan kredit cəlb etmək üçün bank müəyyən standartlara cavab verməlidir. Bankın gələcək fəaliyyəti üçün çox böyük təhlükələr yaranır.

 Bu addımlar atılmasa, dövlət tərəfindən banklara dəstək olmasa, bunun çox ağır nəticələri olacaq.