Banklar üçün qoyulan vaxt daralır | Banco.az

Banklar üçün qoyulan vaxt daralır

Bank sektorunda aparılan araşdırmalar bir neçə bankın hələ də zərərlə işlədyini göstərir. Özü də bu, o zaman baş verir ki, ilin sonuna kimi banklar nizamnamə kapitalını 50 milyon manata çatdırmalıdır. Lakin hələ də bir sıra banklar Mərkəzi Bankın bu tələbini yeriən yetirməkdə çətinlik çəkirlər. Proqnozlara görə, bu banklar fəaliyyətlərini dayandırma təhlükəsi altındadırlar.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev məsələ ilə bağlı açıqlamasında bildirir: «Əslində, Mərkəzi Bankın qoyduğu təlimatlara görə, bir sıra banklar artıq çoxdan bağlanmalı ya da birləşməli idi. 2008-ci ildə bu məsələ ciddi şəkildə qoyulmuşdu. Mərkəzi Bankın təlimatı da var idi. Bu işlə ciddi məşğul olunsun. Lakin məsələ getdikcə uzandı. Qanuna əsasən, hələ Mərkəzi Bankın özünün təlimatlarına qalsa, Azərbaycanda maksimum 20 bank olmalıdır. Amma bank sistemi çökməsin deyə, ya hansısa digər səbəblərdən bu məsələ uzanır. İlin sonuna kimi hansı prosesin baş verəcəyi isə hələ məlum deyil. Özlərinin qəbul etdiyi normativ aktlara görə bunlar bağlanmalıdır”. 

Digər ekspert Fərhad Bayramov isə bildirir: «Azərbaycanda ümumiyyətlə, maliyyə-bank sektorunda demək olar ki, durğunluq yaşanır, hətta buna geriləmə də deyə bilərik. Bunu söyləməyə səbəb bir tərəfdən problemli kreditlərin məbləğinin artması, digər tərəfdən Mərkəzi Bankın uçot dərəcəsini azaltmasına rəğmən, hələ də kredit bazarında təklif olunan faiz dərəcələrində ciddi şəkildə azalma müşahidə olunmamasıdır. Deməli, kommersiya banklarının əhaliyə və biznes sektoruna yönəltdiyi kreditlərin maliyyələşdirilməsi məsələsində ciddi problemləri mövcuddur. Ona görə də bank sektoruna yeni bir nəfəs verilməsinə zəruri ehtiyac var. Ümumilikdə isə bundan bütün cəmiyyət faydalanacaqdır. 2015-ci ilin yanvar ayına qədər nizamnamə kapitalının 50 milyon manata çatdırılması tələbi əslində, 2014-cü ilin yanvar ayına qədər idi. Lakin ümumi müşahidələr bu prosesin banklar üçün çətin olduğunu göstərdi və hətta 10-a yaxın bankın taleyi sual altına düşürdü. Lakin indi isə 3-4 bank bu problemlə üzləşir, yəni, onlar bazarı tərk edəcək ki, bu da heç bir halda ölkənin maliyyə bank sektoru üçün təhlükə törətmir. Əslində, Mərkəzi Bank bankların sayısının yarıya qədər azaldılmasında maraqlıdır. Bunu nizamnamə kapitalına olan tələbi 50 milyon deyil, 75 və ya 100 milyon tətbiq edərək gerçəkləşdirmək olardı. Lakin görünən odur ki, Mərkəzi Bank ümumilikdə bu sektora həm yerli vətəndaşların, həm də xarici steykholderlərin inamının itməməsini əsas tutaraq mərhələli şəkildə bu təmizləmə işlərini aparır. İstənilən halda bu tədbirlər adı çəkilən sektorda sağlamlaşdırma işlərinin görülməsi ilə bağlıdır. Çünki hələ irəlidə bizi Ümumdünya Ticarət təşkilatına üzv olub-olmama məsələsi gözləyir ki, bu da birbaşa xidmətlər sektoruna, daha doğrusu, bank-maliyyə və sığorta sektoruna təsir edəcək bir prosesdir. Əgər sağlamlaşdırma tədbirləri indidən dərin və sürətlə aparılmasa, Azərbaycan ÜTT-yə üzv olunmasından sonra qısa və orta müddətli dövrdə ciddi itkilərlə üzləşə bilər. Ona görə də bu prosesi dəstəkləmək yeganə rasional qərardır. Digər tərəfdən bu ilin sonuna qədər fəaliyyətini dayandıracaq bankların müflis elan olunması yox, bir-biriləri ilə birləşərək daha böyük bir təşkilat qurmaları ikitərəfli uduşla nəticələnə bilər. Yəni, həm ölkə, həm də səhmdarların uduşları yarana bilər. Təklif etmək olar ki, bank sektorunda əlavə bank olmayan kredit təşkilatlarının sayı artırılsın ki, bu da həmin likvidlik cəhətdən əziyyət çəkən bankların kredit təşkilatı kimi fəaliyyət göstərməsi üçün effektiv olar. İqtisadiyyatın istehsal sektorlarına hal-hazırda aşağı faizlə kreditlərin yönəldilməsi çox vacibdir. Xüsusi ilə qeyri-neft sektorunun inkişafı üçün sahibkarlığın dəstəklənməsi, daha doğrusu, simvolik faiz rəqəmləri ilə kreditlərin verilməsi yoluyla sahibkarlığın dəstəklənməsinə ehtiyac böyükdür. Bütün bu deyilənləri nəzərə alaraq, deyə bilərik ki, ölkədə sayı həddindən artıq çox olan banklar sektorda rəqabətlilik yaratmağın əksinə, sektora passivlik gətirmişlər. Ona görə də çalışmaq lazımdır ki, banklar arasında rəqabət mühiti dərinləşdirilsin. Daha sonra isə onsuz da zəif banklar özləri bazarı tərk etmək məcburiyyətində qalacaq ki, bununla da Azərbaycan özünün maliyyə-bank sektorunu daha da sağlam etməklə yanaşı, eyni zamanda da ÜTT-ə üzv olmaq yolunda ciddi bir addım atmış olacaq».

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: movqe.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et