Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan bankları ölkənin regionlarında kredit verməyə elə də həvəs göstərmirlər. Bunu Azərbaycan Mərkəzi Bankının kreditləşmə ilə bağlı açıqladığı statistika da göstərir.
2023-cü ilin sonuna bankların kredit portfeli 23,2 milyard manat təşkil edib ki, bunun da 17,7 milyard manatı və 76 %-i Bakı və onun ətrafında formalaşıb.
Bəs banklar niyə regionlarda kredit vermək istəmir? Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, səbəb regionlarda gəlirin aşağı olmasıdır:
“Regionlarda kredit verməyin riski Bakı ilə müqayisədə yüksəkdir. Regionlarda daşınmaz əmlakın qiyməti də aşağıdır. Bir çoxunun ümumiyyətlə çıxarışı yoxdur, girov qoyula bilmir, qoyulduğu halda da kredit qaytarılmayanda həmin əmlakı satmaq çətin olur”.
İqtisadçı Xalid Kərimli isə düşünür ki, bankların Bakı və onun ətrafına fokuslanması paytaxt və regionların iqtisadi inkişafı arasındakı fərqə görədir:
Paytaxtda orta aylıq əmək haqqı regionları azı 30-40 % üstələyir. Hazırda bütün iqtisadiyyat Bakıda cəmləşib. Eyni zamanda regionlardakı daşınmaz əmlakların çoxunun qeydiyyatının olmaması, onların girov predmeti kimi çıxış etməsinə mane olur".
Bizi sosial şəbəkələrdən izləyin!!