Bu gün Bakıda "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib.
Banco.az xəbər verir ki, Palatanın sədri çıxışında bankların hazırkı vəziyyəti ilə bağlı mövzulara toxunub.
O, bildirib ki, iqtisadi çətinliklərin yaşandığı bir dövrdə banklar kapital itiriblər.
Vəziyyəti pisləşən banklara yardım etmək mümkün olmayıb, hətta bir müddət öncə bağlanmış "Bank Standard"ı saxlamaq baha başa gəlirdi.
Bütün bunların səbəbi verilən istehlak kreditlərində təminatlılığın az olması, əhalinin ödəyə biləcəyindən çox banklara borclanması və öz fdaxili maliyyə durumlarını qiymətləndirə bilməməsi olub. May ayından tətbiq olunan sağlam kreditləşmə prinsipləri vəziyyəti qismən yaxşılaşdırıb.
İyun, iyul, avqust aylarında bank sektorunda iqtisadi artım bərpa olunub ki, bu da 2016-cı ilin zərərlərini qismən örtüb. Baxmayaraq ki, sentyabr-oktyabr aylarında azalma müşahidə olunub, bu barədə araşdırmalar aparılır. Bunun əsas səbəbi kimi, əhalinin gəlirlərinin azalması göstərilir.
R. Aslanlı deyib ki, "Banklarda qismən iqtisadi sabitlik bərpa olunub, lakin sabitliyin əldə olunması o demək deyil ki, artıq bütün problemlər həll olub. Əsas məsələ odur ki, banklar kredit aktivliyini itirməyib".