Müəllif: Rəşad Camalov, PWC
Aidiyyəti şəxslər dedikdə, sözü gedən bank ilə sıx əlaqəsi olan hər hansı fiziki və ya hüquqi şəxslər nəzərdə tutulur. Təbii ki, bu əlaqələr bir mənalı olaraq yanlış və ya qanunsuz deyil və bir çox hallarda bu münasibətlər normal iş münasibətləri olur. Lakin, bu mövzunun həssas olmasına səbəb, aidiyyəti şəxslərlə olan əlaqələrin sui-istifadə və ya fırıldaqçılıq məqsədləri üçün istifadə oluna bilməsidir.
Fərz edin ki, bankın İdarə Heyətinin sədri, şəxsi şirkətinin dövriyyə vəsaitini artırmaq məqsədi ilə kredit götürür. İlk baxışdan normal bir əməliyyatdır, çünki bankın işi kredit verməkdən ibarətdir. Lakin, detallı araşdırma nəticəsində, bu şirkətin yalnız sənəd üstündə mövcud olduğu və İdarə Heyətinin sədri, öz vəzifə salahiyyətlərindən sui-istifadə edərək bankın vəsaitini mənimsədiyi məlum olur.
Belə halların qarşısını almaq məqsədi ilə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IAS 24) və Mərkəzi Bankın tələblərinə əsasən, hər bir bank öz aidiyyəti şəxsləri haqqında məlumatı, bu şəxslərlə olan əməliyyatların təsvirini, və ödənilməmiş qalıqları açıqlamalıdır.
Banka aidiyyətı olan şəxslərə aşağıdakılar aiddir:
- Bankın inzibatçıları (Müşahidə Şurası, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, baş mühasib, daxili audit şöbəsinin əməkdaşları, habelə bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri)
- Bankın struktur bölmələrinin rəhbərləri
- Bankın qərarlarının qəbul edilməsində iştirak edən digər şəxslər
- Yuxarıda qeyd olunan şəxslərin yaxın qohumları (həyat yoldaşı, valideyni (o cümlədən həyat yoldaşının valideyni), babası, nənəsi, övladı (o cümlədən övladlığa götürülən), qardaşı, bacısı)
- Bankda mühüm iştirak payı olan fiziki və hüquqi şəxs və bu hüquqı şəxslərdə mühüm iştirak payı olan şəxslər
Əlavə olaraq, banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslər də (məsələn, nümayəndələr) Mərkəzi Bankın nəzarəti altında olur.
Mərkəzi Bank, aidiyyəti şəxslərlə olan əməliyyatlara müxtəlif məhdudiyyətlər qoyaraq, bu əməliyyatları tənzimləyir. Mələsən, aidiyyəti şəxsə (hüquqi şəxs olduqda), bankın məcmu kapitalının (məcmu kapital haqqında oxu) 10 faizindən artıq kreditin verilməsi qadağan edilir. Habelə, depozitlərin faiz dərəcələri, banka qoyulan girovun dəyərinin qiymətləndirilməsi də nəzarət altında saxlanılır. Başqa sözlə desək, aidiyyəti şəxslərə göstərilən xidmətlər, banka aidiyyəti olmayan şəxslərə göstərilən xidmətlərdən güzəştli şərtlərlə olması Mərkəzi Bank tərəfindən qadağan edilir.
Banklara nəzarət məqsədi ilə, aylıq olaraq, Mərkəzi Banka aidiyyəti şəxslər haqqında hesabat təqdim edilir ki, bu hesabatda, ötən ay ərzində banka aidiyyəti olan şəxsləri adı, aparılmış əməliyyatların məbləği, habelə əməliyyatların şərtləri, müddətləri barədə qısa şərh verilir. Aidiyyəti şəxslərlə bağlı daha detallı məlumat üçün link’ə daxil olun.