“Nikoil Bank” ASC cari ilin ilk üç aylıq maliyyə nəticələrini açıqlayıb.
Bank 31 mart 2017-ci ilə olan göstəriciləri əks etdirən maliyyə hesabatlarını rəsmi web saytında yayımlayıb.
Banco.az bankın açıqladığı hesabatlara əsasən xəbər verir ki, 2017-ci ilin ilk rübündə bankın ümumi aktivləri 408 mln. 903 min 30 manat təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yekununda bankın ümumi aktivləri 439 mln. 726 min 36 manat təşkil edirdi.
Sözügedən dövrdə “Nikoil Bank” ASC-nin kredit portfeli 299 mln. 236 min 31 manat olub.
Müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi isə 231 mln. 688 min 560 manat həcmində olub.
Bankın kapitalında artım qeydə alınıb.
2017-ci ilin martında bankın cəmi kapitalı ötən ilin yekunu ilə müqayisədə təqribən 1 mln. manat artaraq 41 mln. 342 min 310 manat həcmində olub.
“Nikoil Bank” ASC 1-ci rübü 227 min 410 manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, bank ötən ili 148 mln. 538 min 800 manat xalis zərərlə başa vurmuşdu.
NIKOIL Bank 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bank fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci il tarixində NIKOIL Bank (11 aprel 2002-ci il tarixli, 203 saylı lisenziya AR MB) adı altında fəaliyyətini davam etdirmişdir.