"Bank VTB" Azərbaycanın səhmdarlarının tərkibi dəyişə bilər | Banco.az

"Bank VTB" Azərbaycanın səhmdarlarının tərkibi dəyişə bilər

"Bank VTB" SC Azərbaycanda fəaliyyət göstərən törəmə bankının ("Bank VTB (Azərbaycan)" ASC) səhmdarlarının strukturunda dəyişikliyin baş verməsini istisna etmir.

"Interax" agentliyinə istinadən xəbər verilir ki, bunu "Bank VTB"-nin İdarə Heyətinin sədri, prezidenti Andrey Kostin bildirib.

"Səhmdarların strukturunda dəyişikliyin baş verməsi istisna deyil. Hələlik biz səhm paketimizi dəyərləndiririk. Bizim müxtəlif variantlarımız var. Lakin hələlik bu barədə danışmaq tezdir", - deyə o bildirib.

Xatırladaq ki, bir müddət öncə "Bank VTB" Azərbaycandakı törəməsindəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib. Qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətləndirmə "Rossiyskaya otsenka" QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. "Bank VTB" bunun üçün 4,65 mln. rubl ödəyəcək.

Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır.

"Bank VTB (Azərbaycan)" 2009-cu ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Bankın səhmlərinin 51%-i "Bank VTB"-yə, 48,99%-i "AtaHoldinq" MMC-yə və 0,01%-i fiziki şəxsə məxsusdur.

Mənbə: Apa.az