Ölkə maliyyəsinin ən vacib hissələrindən biri də bank sektorudur. Bankların fəaliyyəti, hər bir addımı birbaşa iqtisadiyyata təsir göstərir və bu banklar da müəyyən şəxslər - CEO-lar tərəfindən idarə olunur.
Bu maliyyə nəhənglərinin kimlər tərəfindən idarə olunduğu, həmin idarəçilərin təhsil səviyyəsi, hansı ixtisasa sahib olduqları, yəqin ki, hamıya maraqlıdır. O zaman, bu aşdırmamız sizlər üçün də maraqlı olacaq.
Azərbaycan banklarını idarə edən CEO-larımızın ixtisasları nədir, təhsillərini harada başa vurublar? Birlikdə tanış olaq:
Rolf Reichardt - "İqtisadiyyat"
Rolf Reichardt hal-hazırda “AccesBank”ın İdarə Heyətinin sədridir. O, Frankfurtdakı Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb. Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb. Alman, ingilis, fransız və rus dillərini bilir.
Zaur Qaraisayev - "Mühasibat uçotu və audit"
Zaur Qaraisayev “AFB Bank”ın İdarə Heyətinin sədridir. O, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsini bitirib.
Əfqan Cəlilov - “Qiymət və qiymətin əmələ gəlməsi”
Əfqan Cəlilov "AGBank"-ın İdarə Heyətinin sədridir.
O, 1995-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olub. 1999-cu ildə bakalavr dərəcəsini alıb və həmin ildə magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
Leyla Məmmədbəyli - "Vergi və vergiqoyma"
Leyla Məmmədbəyli hal-hazırda "Amrahbank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır.
Doğan Tandoğan - "Beynəlxalq Münasibətlər", "Biznesin idarə edilməsi"
Doğan Tandoğan hal-hazırda "ASB Bank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur.
Dəyanət Quliyev -“Ümumi iqtisadiyyat”, “Hüquqşunaslıq”
Dəyanət Quliyev "Atabank"ın İdarə Heyətinin sədridir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirib.
Orxan Hüseynov - "İqtisadi kibernetika", "Maliyyə"
Orxan Hüseynov "Azər Türk Bank"ın İdarə Heyətinin sədridir. O, 2002-2007 illərdə Bakı Dövlət Universitetində "İqtisadi kibernetika" üzrə bakalavr təhsili, 2007-2009 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə MBA təhsili alıb.
Emil Rzayev - "Maliyyə və kredit", "Hüquq", "Biznes İdarəçiliyi"
Emil Rzayev - "Bank BTB"nin İdarə Heyətinin sədri Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini almışdır. Əlavə olaraq 2001-ci ildə Ali İctimai-Siyasi Kolleci bitirmiş və hüquqşünas diplomunu əldə etmişdir. Həmçinin, Rusiya Federasiyası hökumətinin yanında Maliyyə Akademiyasının MBA dərəcəsi üzrə məzunudur.
Eldar Həmidov - "Biznes idarəçilik", "Beynəlxalq bank və maliyyə"
Eldar Həmidov – «Bank of Baku» idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edir. 1993-1997-ci illərdə Xəzər Universitetində əvvəl hüquq, sonra isə biznes idarəçilik ixtisası üzrə təhsil alıb. 2002-2003-cü illərdə Britaniyanın «Heriot-Watt University» universitetində beynəlxalq bank və maliyyə təhsili alıb.
Mahir Əhmədov - "Maliyyə və Kredit"
Mahir Əhmədov "Bank Silk Way"in İdarə Heyətinin sədridir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “Maliyyə və Kredit” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirmişdir.
Xalid Əhədov - "Maliyyə və kredit"
Xalid Əhədov "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədridir. O, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili almışdır.
İlham Həbibullayev - "Tarix", "Maliyyə və kredit"
İlham Həbibullayev "Expressbank"ın İdarə Heyətinin sədridir. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini, 2001-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunu (magistr dərəcəsi) və 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib.
Rövşən Allahverdiyev - "İqtisadiyyat"
Rövşən Allahverdiyev "Kapital Bank"ın İdarə Heyətinin sədridir. O, 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.
Elmir Həsənov - "Biznes İdarəçiliyi"
Elmir Həsənov - “Muğan Bank”ın İdarə Heyətinin sədridir. O, 1996-ci idə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib. Həmçinin, o, "Strathclyde Business School"-da MBA proqramını bitirib.
Qasımov Səid - “Beynəlxalq İqtisadi münasibətlər”
Səid Qasımov "NBC Bank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, 1999-2003 –cü illərdə Qərb Universitetinin “Beynəlxalq İqtisadi münasibətlər” fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2003 – 2005-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Biznes” fakultəsində MBA magistr dərəcəsi üzrə təhsil almışdır.
Nikoloz Şurqaia - "Biznes İdarəçiliyi"
Nikoloz Şurqaia "Nikoil Bank"ın İdarə Heyətinin sədridir. O, Tiflis Dövlət Universiteti və London Biznes Məktəbinin MBA məzunudur.
Taleh Kazımov - "Biznesin idarə edilməsi"
Taleh Kazımov "Paşa Bank"ın İdarə Heyətinin sədridir. O, ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır.Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə, və ABŞ-ın Georgia State Univercity-sində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını müvəffəqiyyətlə bitirmişdir.
Elçin Qədimov - "Mühasibat uçotu və audit"
Elçin Qədimov "Rabitəbank"ın İdarə Heyətinin sədridir. O, Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.
Faiq Hüseynov - "Tikintinin İqtisadiyyatı və təşkili"
Faiq Hüseynov "Unibank"ın İdarə Heyətinin sədridir. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu "Tikintinin İqtisadiyyatı və təşkili" ixtisası üzrə bitirib.
Kirin Yevgeni Anatolyeviç - "Maliyyə-iqtisadiyyat"
Kirin Yevgeni Anatolyeviç "VTB Bank Azərbaycan"ın İdarə Heyətinin sədridir. O, 2001-ci ildə - Orlov dövlət texniki universitetinin Maliyyə-iqtisadiyyat fakultəsini bitirib. İqtisad elmləri namizədidir.
Cenk Yüksel - "İqtisadiyyat və idarəetmə"
Cenk Yüksel "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədridir. O, 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişdir.
Kərimov Rüfət - “Radiotexnika”
Kərimov Rüfət "Bank Avrasiya"nın İdarə Heyətinin sədridir. O, 1985-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakultəsini bitirmişdir.
Avni Demirci
Avni Demirci "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədridir. O, 1987-1991 illərdə "19 Mayıs Universitesi"ni oxuyub.
Emin Ağayev - "Mühəndis iqtisadçı"
Emin Ağayev "Günay Bank"ın İdarə Heyətinin sədridir. O, 1981-1986 illərdə Moskva İdarəetmə İnstitutunun istehsalatın idarəetməsinin təşkili fakultəsini mühəndis-iqtisadçı ixtisası üzrə oxuyub.
Asəf Namazov “Bank Respublika”nın İdarə Heyətinin sədridir. O, 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.